REGİONLAR
Naxçıvan ali təhsilinin tarixində ilk layihə: NDU-da İqtisadiyyat ixtisası üzrə tədris ingilis dilində aparılacaq
Naxçıvan, 21 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) növbəti uğurlu layihə reallaşdırılır.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2020-2021-ci tədris ilində İqtisadiyyat ixtisası üzrə ingilis dilində tədrisin aparılması nəzərdə tutulub.
NDU-da yeni yaradılmış İqtisadiyyat və idarəetmə fakültəsinin bazasında olan İqtisadiyyat ixtisasında artıq tədris planları təsdiq edilib, fənlər ingilisdilli müəllimlər arasında bölüşdürülüb. Dərs bölgüləri mövcud müəllim potensialı ilə bərabər xaric ölkələrdə yüksək təhsil almış məzunlar hesabına təmin edilib. Fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingilisdilli ixtisas ədəbiyyatları daxil edilib, dərs prosesi üçün auditoriyalar müəyyənləşdirilib.
Müəllim və tələbələrin akademik mobillik proqramı çərçivəsində Avropa universitetləri ilə əməkdaşlıq əsas prioritet kimi müəyyənləşdirilib. Ali təhsil ocağının mövcud imkanları gələcəkdə bu ixtisasların sayının artırılmasına tam zəmanət verir. Universitet məzunlarının karyera imkanlarının da dəyərləndirildiyi bu layihədə xarici tələbələrin də universitetdə təhsil almaq imkanlarının artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müasir tədris korpuslarının istifadəyə verilməsi peşəkar kadrların hazırlanmasına öz müsbət töhfəsini verməkdədir. Aparılan quruculuq işlərinin nəticəsində hər bir fakültə ən son texnoloji avadanlıqlarla təchiz edilən tədris korpusu ilə təmin edilib. Yaradılan bu imkanların nəticəsində tələbə qəbulu üzrə plan yerlərinə olan maraq ilbəil artıb, yüksək ballı tələbələrin məhz universiteti seçim imkanları genişlənib. Xarici tələbələrin artım dinamikasında əldə edilən müsbət nəticələr ali təhsil ocağının Beynəlxalq əlaqələrinin düzgün və sistemli idarə edilməsi nəticəsində mümkün olub. Hazırda universitet xarici tələbələrin müraciəti və qəbul sayına görə ölkə üzrə öncüllüyünü qoruyur.
Universitetin gələcək strateji hədəfləri kimi beynəlxalq rəqabətlilik layihələrində səmərəli iştirakı, ikili diplom məsələləri tədrisi xarici dillərdə ixtisasların fəaliyyətə başlamasını zəruri edir.