İDMAN
Naxçıvan idmançısı qaydasız döyüşün MMA növü üzrə Beynəlxalq turnirin qalibi olmuşdur
Naxçıvan, 2 iyul (AZƏRTAC). Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən qaydasız döyüşün MMA növü üzrə Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikasından olan idmançı Gündüz Qarayev rinqdə bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin heyətində Gürcüstana yollanan Gündüz Qarayevin ilk rəqibi yerli idmançı olmuşdur. Tam üstünlüklə qələbə qazanan idmançımız finala çıxmışdır.
Maraqla gözlənilən final qarşılaşmasında onun rəqibi Ermənistan idmançısı olmuşdur. Lakin rinqə çıxan Gündüz Qarayev rəqibini gözləsə də, erməni idmançı naxçıvanlı idmançı ilə döyüşməkdən imtina etmiş və rinqə çıxmamışdır. Nəticədə idmançımız texniki qələbə qazanmış və turnirin baş mükafatına layiq görülmüşdür.
Təşkilatçılar tərəfindən idmançımıza diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.