REGİONLAR
Naxçıvan nümayəndə heyəti Ərzurum şəhərində işgüzar səfərdə olub
![](/files/galleryphoto/2022/3/1200x630/16626257694108058371_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16626257691198728463_1200x630.jpg)
Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Bu ilin iyun ayında Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndə heyətinin muxtar respublikaya səfəri zamanı əldə olunmuş razılığa əsasən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 4-6-da Türkiyənin Ərzurum şəhərində ikigünlük səfərdə olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə İğdır şəhərində yerləşən Naxçıvan Ticarət Evini ziyarət edib. Ticarət Evi ilə tanışlıq zamanı burada sərgilənən məhsullar haqqında məlumat verilib, bölgənin ixrac imkanlarından bəhs olunub.
Səfərin növbəti günü nümayəndə heyəti Ərzurum şəhərində Birinci Orqanizə Sənaye Bölgəsində yerləşən Şərqi Anadolu İxracatçılar Birliyinə səfər edib. Görüş zamanı birliyin idarə heyətinin sədri Ethem Tanrıver çıxışında bölgələrimiz arasında əməkdaşlıq imkanlarına, həyata keçirilməsi mümkün olan layihələrə, ticarət əlaqələrinin artırılması sahəsində görülməsi zəruri olan işlərə dair fikirlərini bölüşüb.
Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu əməkdaşlıqda iqtisadi münasibətlər məxsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, o cümlədən özəl sektora göstərilən dövlət qayğısı muxtar respublikada da çoxsaylı sahibkarlıq subyektlərinin yaradılması ilə nəticələnib. Hazırda yerli sahibkarlar tərəfindən müxtəlif ölkələrə Naxçıvan məhsulları ixrac edilir. Nazir İxracatçılar Birliyinin cari ilin iyun ayında muxtar respublikaya səfəri zamanı müsbət əməli nəticələrin əldə olunduğunu da vurğulayıb.
Hər iki tərəf gələcəkdə Zəngəzur dəhlizinin işə salınmasının nəinki ölkələrimiz arasında, həmçinin bütün regionun inkişafında müsbət rol oynayacağını bildirib. Görüş zamanı muxtar respublikadan saman, kəsilmiş ət məhsullarının, fermerlər tərəfindən tələbatdan artıq istehsal olunan mövsümi kənd təsərrüfatı məhsullarının Türkiyəyə ixracı imkanları müzakirə edilib.
Sonra iqtisadiyyat naziri Tapdıq Əliyev Ərzurum vilayətinin valisi Məmiş Okay, Ərzurum Böyükşəhər Bələdiyyəsinin başkanı Mehmet Sekmen, Erzurum Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədr müavini Hüseyn Polat ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişaf etdiyi, səfərin əhəmiyyəti vurğulanıb, Türkiyənin Ərzurum bölgəsi və Naxçıvan Muxtar Respublikası sahibkarlarının müxtəlif sahələr üzrə birgə layihələrinin həyata keçirilməsi təklif olunub.
Tapdıq Əliyev çıxışında muxtar respublikanın iqtisadiyyatı barədə məlumat verib, Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən, Naxçıvan məhsullarının bu bölgəyə ixracı üçün geniş imkanların mövcudluğundan bəhs edib. Qeyd olunub ki, əməkdaşlıq Türkiyənin İğdır, Qars, Ərzurum və digər vilayətlərinin inkişafına da töhfə verəcək. Çıxışda son dövrdə bu sahədə görülən işlər diqqətə çatdırılıb.
Daha sonra Ərzurum Ticarət Borsasında görüş zamanı idarə heyətinin sədri Hakan Oral rəhbəri olduğu təşkilatın fermerlərə məhsullarının istehsalı və satışında göstərdikləri dəstək mexanizmləri haqqında məlumat verib. Görüşdə Tapdıq Əliyev muxtar respublikada kifayət qədər saman, kəsilmiş ət və digər kənd təsərrüfatı məhsullarının istehsal olunduğunu bildirib. Nazir qeyd edib ki, muxtar respublikanın ekoloji cəhətdən təmiz və təbii ərzaq məhsulları Türkiyə bazarında özünə etibarlı yer tuta bilər. Bu sahədə mövcud imkanlardan yetərincə istifadə edilməlidir.
Rəsmi görüşlərə paralel olaraq işgüzar səfərdə iştirak edən muxtar respublikanın 16 sahibkarlıq subyektinin nümayəndəsi və Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Ərzurum şəhərində fəaliyyət göstərən 29 istehsal müəssisəsində istehsal prosesi ilə tanış olub, regionun ixrac potensialı barədə müzakirələr aparıb.