REGİONLAR
Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış obyekti aşkarlanıb
Naxçıvan, 22 may, Nail Əsgərov, AZƏRTAC
Naxçıvan şəhəri ərazisində çirkab suların idarə edilməsi və kanalizasiya xətlərinin olmadığı ərazilərin müəyyənləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə nazirlik və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından ibarət İşçi qrup yaradılıb. İşçi qrup tərəfindən Naxçıvan şəhər ərazisində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış və onlarla qeyri-yaşayış obyekti müəyyən edilib. Həmin obyektlərin rəqəmsal xəritəsi hazırlanıb, o cümlədən databazası yaradılıb.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidmətinin rəisi Azər Məmmədov söyləyib.
Xidmət rəisi deyib: “İşçi qrup fəaliyyətə başlamazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yoxlamalar zamanı Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan bir sıra hüquqi şəxslərə mərkəzi kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə çirkab suların düzgün idarə olunmaması səbəbindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun cərimələr tətbiq edilib və sənədlər baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib. Hazırda Naxçıvan şəhər ərazisində çirkab suların idarə edilməsi, kanalizasiya xətlərinin olmadığı ərazilərin müəyyənləşdirilməsi və ətraf mühitə təsirin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir”.
Azər Məmmədovun sözlərinə görə, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi texniki tələblərə və standartlara uyğun şəkildə çirkab sularını təmizləmədiyi üçün qurğudan çıxan sular torpaq məcralı kanal vasitəsilə keçdiyi ərazi boyunca ətraf mühiti çirkləndirir, antisanitar şərait yaradır və həmin sular açıq su hövzələrinə yönəldilir. Mövcud problemin aradan qaldırılması ilə bağlı 2023-cü ildə sözügedən müəssisəyə icrası məcburi olan göstərişlə bağlı sənəd göndərilməsinə baxmayaraq, heç bir tədbir görülməyib və müvafiq qurğuların filtrləri bərpa edilməyib və ya yenilənməyib. Cari ildə qurğudan keçən sulardan nümunə götürülüb və üzərində laborator təhlillər aparılıb.
“Təmizləyici Qurğunun istehsal gücü gündəlik 32 min kubmetr təşkil edir. Riyazi hesablamalar aparsaq, il ərzində bu göstəricinin 11680 min kubmetr olduğunu görərik. Bir il qurğu tam gücü ilə işləsə, 12 milyon kubmetr həcmində su rezervuarda toplana və ikipilləli nasos vasitəsilə Nehrəm su anbarına vurula bilər. Yaz və payız mövsümündə həmin suların suvarmada (Tumbul, Qaraxanbəyli, Bulqan və Qaraçuq kəndlərinin əkin sahələri) istifadəsi mümkündür. Yeni su rezervuarı yaradılarsa, təsərrüfat məqsədi üçün nəzərdə tutulan suların təmizləyici qurğular vasitəsilə tələb və standartlara uyğun təmizlənməsi zəruridir”, - deyə o əlavə edib.