İQTİSADİYYAT
Naxçıvan şəhərində yeni mebel salonu fəaliyyətə başlamışdır
Naxçıvan, 13 yanvar (AZƏRTAC). Naxçıvan şəhərində yeni mebel salonu istifadəyə verilmişdir. Salonun açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir.
Muxtar respublikanın iqtisadi inkişaf naziri Famil Seyidov məlumat verərək bildirmişdir ki, muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar sahibkarlığın da hərtərəfli inkişafına stimul vermiş, mühüm sahələrdən olan mebel sənayesi müasir tələblər səviyyəsinə yüksəlmişdir. Dövlət dəstəyi hesabına muxtar respublika əhalisinin mebel məmulatına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır.
Ali Məclisin sədri Vasif Talıbov yeni mebel salonunun istifadəyə verilməsi münasibətilə sahibkarları və kollektivi təbrik etmişdir. O, yeni mebel salonunun istifadəyə verilməsini təkcə sahibkarlara deyil, həm də vətəndaşlara göstərilən qayğı adlandırmışdır. Belə ki, salonda satılan malların qiyməti çox münasibdir.