CƏMİYYƏT
Naxçıvanda həkimlərin növbəti test imtahanı keçirilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Ə.Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında terapevt həkimlər üçün test imtahanları keçirilmişdir. İmtahanda terapevtlərlə yanaşı təcili yardım, pulmonologiya, qastroenterologiya, nevrologiya, endokrinologiya ixtisasları üzrə həkimlər də iştirak etmişlər.
Muxtar respublikanın Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 39 nəfərə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəkildə keçirilməsi təmin edilmişdir.
İmtahandan 60 və daha çox bal toplamış 38 mütəxəssis sertifikasiya prosesinin ilk mərhələsini uğurla başa vurmuşdur.
Test imtahanından keçənlər növbəti həftədə müsahibə mərhələsində iştirak edəcəklər.