REGİONLAR
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası diqqət mərkəzindədir
Naxçıvan, 3 fevral, AZƏRTAC
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər nəticəsində ötən dövrdə Naxçıvanda sağlamlıq imkanları məhdud 59 uşaq məktəbəqədər təhsil müəssisələrinə, 16 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarına cəlb olunub.
Nitq qüsuru olan məktəbəqədər yaşlı 20 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölməsində tədrisə, həmçinin sağlamlıq imkanları məhdud 8 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlb edilib.
2016-2017-ci tədris ilinin əvvəlində sağlamlıq imkanları məhdud 88 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə qəbul olunub. Ötən il muxtar respublikanın ümumtəhsil məktəblərində 942 sağlamlıq imkanları məhdud uşaq, görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbdə isə 8 uşaq təhsil alıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı Əmir Abbasovun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını gücləndirmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində psixoloji dəstək xidməti, diqqət zəifliyi olan və hiperaktiv uşaqlar üçün isə təlim-bərpa otağı yaradılıb. Uşaqlarda kiçik motorikanın inkişaf etdirilməsi, eyni zamanda, sərbəst şəkildə özünəqulluq vərdişlərinin aşılanması məqsədi ilə Naxçıvan Uşaq Bərpa Mərkəzində yeni əmək terapiyası otağı da yaradılıb.
Sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində tədbirlərin görülməsi də diqqət mərkəzində saxlanılıb. 2016-2017-ci tədris ilinin əvvəlində sağlamlıq imkanları məhdud 26 uşaq musiqi məktəblərinin 1-ci siniflərinə cəlb olunub. Hazırda muxtar respublikanın musiqi məktəblərində müvafiq kateqoriyalı 123 uşaq təhsil alır. İl ərzində 48 uşaq şahmat məktəblərinə, 163 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 144 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən müvafiq xidmətlərə, 70 uşaq isə idman qruplarına cəlb edilib. Bununla yanaşı, xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud 125 uşaq barədə məlumat bazası yaradılıb. Müvafiq dövrdə sağlamlıq imkanları məhdud və aztəminatlı ailələri təmsil edən 90 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib.
Dövlət Proqramına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə tədbirlər 2017-ci ildə də davam etdiriləcək.
AZƏRTAC–ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri