ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutu illik hesabat verib
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Neft və Qaz İnstitutunda (NQİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda Neft və Qaz İnstitutunun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair illik hesabatı dinlənilib.
Müəssisənin hesabatını təqdim edən NQİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov bildirib ki, 2019-cu ildə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" və AMEA-nın Rəyasət Heyətinin tövsiyə edilən elmi-tədqiqat proqramları çərçivəsində, eləcə də “BP Azərbaycan” şirkətinin və “Azneft” İstehsalat Birliyinin sifarişi ilə araşdırmalar aparılıb.
O, araşdırmaların "Böyük dərinliklərin karbohidrogen sistemləri", "Neft və qaz yataqlarının işlənməsinın nəzəriyyəsi və praktikası" və "Geoekologiya" problemləri üzrə aparıldığını diqqətə çatdırıb. O, tədqiqatlar nəticəsində Azərbaycanın tektonik xəritələrində əks edilmiş qırılmaların fəzada yerləşməsi haqqında yeni məlumatların əldə edildiyini, həmçinin Cənubi Xəzər meqaçökəkliyinin kristallik bünövrəsinin neft-qaz perspektivliyinin qiymətləndirildiyini deyib. Bildirib ki, bundan əlavə, Naftalan neftinin müalicəvi xüsusiyyətlərinin tədqiqi məqsədilə onun tərkibinin Azərbaycanın digər neft yataqlarının naften neftlərinin tərkibi ilə müqayisəsi aparılıb və Naftalan neftinin tərkibində karbohidrogenlərin, mikroelementlərin və nəcib metalların miqdarının yüksək olduğu müəyyən edilib.
Müəssisə əməkdaşlarının elmi nəticələrinin 91 məqalə və tezisdə çap olunduğunu deyən V.Qurbanov 6 məqalənin isə “Thomson Reuters” və “SCOPUS” bazalarına daxil olan jurnallarda işıq üzü gördüyünü vurğulayıb.
Məruzəçi hesabat ilində, həmçinin Qazaxıstanın Atırau Neft və Qaz Universiteti, Rusiya Elmlər Akademiyasının Paleontologiya, Geologiya institutları, o cümlədən Ukrayna Elmlər Akademiyasının Geologiya Elmləri İnstitutu ilə əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Eyni zamanda, cari ildə NQİ əməkdaşlarının beynəlxalq konfranslarda, seminarlarda və çöl tədqiqatlarında iştirak etdiyini bildirib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb, səsvermə nəticəsində hesabat yekdilliklə qəbul edilib.