İQTİSADİYYAT
Neftçilərin yay istirahəti yüksək səviyyədə təşkil olunmuşdur
Bakı, 17 iyul (AZƏRTAC). ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən istirahət mərkəzlərində yay mövsümünün başlanmasından artıq 1 ay ötür.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Balakən rayonunda yerləşən 150 yerlik “Qubek hotel”, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən 60 yerlik “Geofizik” və 54 yerlik “Nabran” istirahət zonalarında ARDNŞ-in idarə və təşkilatlarında çalışan neftçilər və onların ailə üzvlərinin 2 və 5 günlük istirahətləri yüksək səviyyədə təşkil edilmişdir.
Turistlərin mənalı istirahəti üçün mərkəzlərdə normal şərait yaradılmışdır. Onlar istirahət etdikləri ərazi ilə yanaşı, qonşu rayonların da dilbər guşələrinə, tarixi abidələr yerləşən məkanlara ekskursiyaya aparılır, milli mətbəximizin çeşidli təamlarına qonaq edilirlər. “Qubek hotel”də dincələnlərin istirahət mərkəzinə məxsus avtobuslarla Şəkiyə, Qax rayonunun İlisu qəsəbəsinə, Gürcüstan Respublikasına səfəri təşkil olunur. Sosial İnkişaf İdarəsinin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamenti tərəfindən istirahət zonalarında dincələn neftçilər və onların ailə üzvləri üçün rəngarəng konsert proqramları təşkil edilir. “Qubek hotel” istirahət mərkəzində çıxış edən musiqi kollektivlərinin yaxın günlərdə «Nabran» istirahət mərkəzinə də səfəri nəzərdə tutulmuşdur. Qeyd edək ki, istirahət düşərgələrində rəngarəng konsert proqramlarının təqdimatı davamlı olacaq. Xatırladaq ki, builki mövsüm ərzində istirahət zonalarında ümumilikdə 6 minədək neftçi və onların ailə üzvlərinin istirahəti planlaşdırılmışdır.