SİYASƏT
Nijni Tagildə “ABB-Moskva” bankının filialı açılacaqdır
Moskva, 23 aprel (AZƏRTAC). Uralın iri şəhərlərindən biri olan Nijni Tagildə “ABB-Moskva” bankının filialı açılacaqdır.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov AZƏRTAC-a bildirmişdir ki, bu barədə razılıq Nijnı Tagil şəhərinin meri Valentina İsayeva ilə görüş zamanı əldə edilmişdir.
S.Qasımov vurğulamışdır ki, artıq 7 ilə yaxındır ki, Yekaterinburqda “ABB-Moskva”nın filialı uğurla fəaliyyət göstərir. O demişdir: “Təkcə son ildə Rusiyanın üçüncü iri şəhəri olan Yekaterinburqda “ABB-Moskva”nın Yekaterinburq filialı həmvətənlərimizin sıx yaşadıqları rayonlarda daha iki ofisini açmışdır. Biz “ABB-Moskva”nın rəhbərliyi ilə birlikdə Sverdlovsk vilayətinin ikinci böyük şəhəri və 10 mindən çox həmyerlimizin yaşadığı Nijnı Tagil şəhərində təkliflərimizi irəli sürdük. Biz şəhərin meri V.İsayeva ilə bu və digər müvafiq məsələləri ətraflı müzakirə etdik və nəticədə şəhərin mərkəzində bankımızın filialının açılması barədə razılığa gəldik. Bu təklifimizi dəstəkləyən və təşəbbüsün reallaşdırılması üçün tapşırıqlar verən merə təşəkkürümü bildirirəm”.
Yeni filialın açılmasının əhəmiyyətindən danışan S.Qasımov bildirmişdir ki, Azərbaycan Beynəlxalq Bankının əlavə filialının açılması regionlararası ticarət-iqtisadi münasibətlərin möhkəmləndirilməsi istiqamətində atılan daha bir addımdır. Konsul demişdir: “Uralın iri şəhərlərindən birində filialın açılması Nijni Tagildə yaşayan həmyerlilərimiz üçün böyük dəstəkdir. Belə ki, bankın ən ehtiyac duyulan xidmətlərindən biri Rusiya- Azərbaycan arasında hesab açılmadan həyata keçirilən pul köçürmələridir.
Bankın yeni ofisinin açılması Azərbaycan ilə Rusiya arasında iqtisadi münasibətlərin dinamik inkişafını əks etdirən daha bir parlaq nümunə, ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin təsdiqi, əməkdaşlıq və qarşılıqlı ehtiram prinsiplərinə əsaslanan yeni iqtisadi siyasətin tərkib hissəsidir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva