CƏMİYYƏT
“N.Nərimanov” NQÇİ-nin “8 Mart” yatağında ekoloji monitorinq aparılmışdır
Bakı, 16 aprel (AZƏRTAC). Neft və qaz yataqlarının kəşfiyyatı və istismarının ətraf mühitin vəziyyətinə mümkün olan dəyişikliklərin, dəniz ekosistemlərinin təbii, texnogen və antropogen təsirlərinə olan hissiyyatının öyrənilərək, əldə olunmuş informasiyanın interpretasiyasına əsasən ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə “N.Nərimanov” NQÇİ-nin “8 Mart” yatağında ARDNŞ-in Ekologiya İdarəsi tərəfindən yaz-yay mövsümü dəniz monitorinqi həyata keçirilmişdir.
Dəniz monitorinqinin mövsümlər üzrə aparılmasında məqsəd suyun üst və alt qatlarında qida maddələrinin miqdarını öyrənməkdir.
Monitorinq zamanı texniki tapşırığa əsasən kimyəvi və bioloji təhlillər üçün nümunələr götürülmüşdür. Nümunələr müvafiq aktla Kompleks Tədqiqat Laboratoriyasına təhvil verilmiş və hal-hazırda laborator təhlillər aparılır.
Alınan nəticələrə uyğun olaraq yataq üzrə ilkin hesabatın və ikinci mövsümi monitorinqdən sonra (payız-qış) yekun hesabatın hazırlanması nəzərdə tutulmuşdur.