DÜNYA
Norveçdə yaradılan hər 10 yeni iş yerindən 8-i immiqrantlara çatmışdır
Stokholm, 8 iyun (AZƏRTAC). AZƏRTAC Norveç Statistika Bürosunun müvafiq hesabatındakı məlumatlara istinadla xəbər verir ki, 2012-2013-cü illərdə Norveçdə yaradılan hər 10 yeni iş yerindən 8-i immiqrantlara çatmışdır.
Büronun məlumatına görə, son iki ildə Norveçdə yaradılmış 30 minə yaxın yeni iş yerinin çox hissəsində (24,5 min) immiqrantlar çalışır. Avropa İttifaqının şərq ölkələrindən gələrək burada işlə təmin olunanların sayı artaraq 11,5 min nəfərə çatmışdır.
Statistik məlumatlara görə, yeni iş yerlərinin yarıdan çoxunda Avropadan gəlmiş immiqrantlar çalışır. Onların arasında isveçlilər, polyaklar və litvalılar liderlik edir.
Norveçdə iş tapanlar arasında Afrika mənşəli miqrantlar başqalarından azdır - yalnız 40 faiz. Bundan əlavə, hesabatda vurğulanır ki, cavan adamların iş tapmaq şansı daha yüksəkdir. Qadınların iş yerləri tapması göstəricisi kişilərlə müqayisədə aşağıdır. Büroda onu da qeyd edirlər ki, immiqrantların əksəriyyəti yaşayış və iş yeri kimi Norveçin qərb regionlarını seçirlər. Gəlmələrin 70 faizə qədəri həmin bölgələrdə işə düzəlirlər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm