DÜNYA
NYU-YORK VƏ SAN-FRANSİSKO 2012-Cİ İL OLİMPİADASINI KEÇİRMƏK HÜQUQU UĞRUNDA MÜBARİZƏNİ DAVAM ETDİRƏCƏKLƏR
2012-ci ilin Yay Olimpiya Oyunlarını keçirməyə namizəd olan dörd Amerika şəhərindən ikisi qalmışdır. Olimpiadanı özündə keçirmək hüququ uğrunda mübarizəni Nyu-York və San-Fransisko davam etdirəcəkdir. Beləliklə, Hyuston şəhəri və Vaşinqton-Baltimor “koalisiyası” qalmışdır.
ABŞ Milli Olimpiya Komitəsinin Çarlz Morun başçılıq etdiyi 13 nəfərdən ibarət işçi qrupu ən layiqlilərin seçilməsi ilə 20 ay məşğul olmuşdur. Oyunların keçirilməsinin maliyyə cəhətdən dəstəklənməsinə yerli hakimiyyət orqanlarının nə dərəcədə hazır olduğuna xüsusi diqqət yetirilmişdir.
Nyu-Yorkun namizədliyi daha üstün görünmüşdür. Nyu-York ştatının hakimiyyət dairələri Olimpiada üçün çox böyük məbləğ - 250 milyon dollar ayırmağı öhdəyə götürürlər. Bundan əlavə, analitiklərin fikrincə, “sentimental amil” də öz rolunu oynamışdır. Sentyabrın 11-də törədilmiş dəhşətli terrorun başlıca hədəfi olmuş ABŞ-ın bu ən iri şəhərini çoxları bütün vasitələrlə dəstəklmək istəyir.
Məlumatlı şəxslərin rəyincə, Hyuston və Vaşinqton məsələsində belə bir cəhətə mənfi rol oynamışdır ki, bu iki şəhər “beynəlxalq ictimaiyyət üçün qədərincə cəlbedici olmayan obraza malikdir”. Məsələn, mətbuatın etiraf etdiyi kimi, Beynəlxalq Olimpiya Komitəsi ABŞ hökumətinə, deməli, Amerika paytaxtına da həmişə soyuq yanaşmışdır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Nyu-York ilə San-Fransisko arasında seçim noyabrın 3-də səsvermədə olacaqdır. Sonra isə bu şəhərlərdən biri “beynəlxalq yarışlar”a başlayacaqdır. Amerikalıların mümkün rəqibləri arasında Moskva, Roma, Paris, London, Madrid, Toronto, Rio-de-Janeyro kimi şəhərlər var. 2012-ci ilin Olimpiadasının harada keçiriləcəyi barədə qəti qərarı Beynəlxalq Olimpiya Komitəsi 2005-ci ildə çıxaracaqdır.