CƏMİYYƏT
Oktyabrın 12-13-də Minskdə MDB-nin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçiriləcək
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 12-13-də Minskdə Müstəqil Dövlətlər Birliyinin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının 34-cü iclası keçiriləcək. AZƏRTAC bunu Belarus Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir.
Şuranın üzvləri səhiyyə nazirləri və baş dövlət sanitar həkimləridir. Belarus Respublikasının Şuraya sədrliyinin nəticələri haqqında Belarus Respublikasının səhiyyə naziri Dmitri Pineviçin məlumat verəcəyi planlaşdırılır. Həmçinin iclasın gündəliyində olan səhiyyə sahəsində əməkdaşlığın geniş spektrli məsələləri - yoluxucu xəstəliklərin yayılmasına qarşı ortamüddətli birgə fəaliyyət planının icrasının gedişi, MDB-nin onkoloji xidmətinin inkişafı, teletibb transsərhəd qarşılıqlı fəaliyyətin inkişafı, fövqəladə vəziyyətlərdə qurbanlara psixoloji və psixiatrik yardımın təşkili məsələləri müzakirə olunacaq.
Şura sədrinin dəvəti ilə iclasda ÜST-nin Avropa Regional bürosunun direktoru Hans Klyuge və UNAIDS-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Aleksandr Qoliusov da iştirak edəcəklər. Hans Klyugenin COVID-19 pandemiyası zamanı fövqəladə hallara hazırlığın təmin edilməsi və onlara reaksiya verilməsi kontekstində çıxarılan nəticələr haqqında fikirlərini bölüşəcəyi gözlənilir.