CƏMİYYƏT
Ölkəmiz Astanada beynəlxalq konfransda təmsil olunub
Astana, 19 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada "Gənclərin inkişafına investisiya” adlı beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan parlament məclisinin sədri Nurlan Neqmatulin və 40-a yaxın ölkənin müvafiq qurumlarının rəhbərlərinin iştirak etdiyi konfransda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayev təmsil edir.
Konfransda "Gənclərin təhsil və məşğulluq imkanlarının genişləndirilməsi", "İnformasiya, təhsil və səhiyyə xidmətlərinə universal giriş", "Gənclərin vətəndaş, iqtisadi və sosial məsələlərdə tam iştirakı" və “Qloballaşma kontekstində gənclər üçün imkanlar və risklər" mövzularında panel sessiyalar keçirilib.
Konfransda çıxış edən İntiqam Babayev gənclər siyasətinin Azərbaycanda çox geniş inkişaf etdiyini və bu sahədə ölkəmizin kifayət qədər təcrübəyə malik olduğunu, konfransın əldə olunan təcrübələri bölüşmək üçün uğurlu bir meydan olduğunu bildirib.
İntiqam Babayev çıxışında Azərbaycan gənclərinin məşğulluğu, təhsili, informasiya texnologiyalarına marağı, gənclərin qərarvermə prosesində iştirakı, o cümlədən qlobal proseslərin gənclərə təsirini iştirakçıların diqqətinə çatdırıb və qeyd edib ki, gənclərin hərtərəfli inkişafında Azərbaycanın rolu konfrans iştirakçılarını tanış etməklə yanaşı, digər ölkələrin də maraq çəkən proseslərini təhlil edib öyrənməkdir.
Konfransda gəncləri narahat edən aktual məsələlər, gənclərin potensialının həyata keçirilməsində maneələr, onların aradan qaldırılması üçün effektiv tədbirlər müzakirə olunub. Bundan əlavə, iştirakçılar əsas qanunvericiliyin hazırlanmasında, dövlət layihələrinə və gənclərin inkişafına yönəldilmiş proqramların hazırlanması istiqamətində təcrübə mübadiləsi aparıblar.
Konfransda iştirakçı ölkələrlə təkliflər müzakirə olundu və təkliflərdən ibarət yekun sənəd qəbul edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana