REGİONLAR
Ordubadda karate-do üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
![](/files/galleryphoto/2017/2/1200x630/1504183940503719685_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/15041839401657835493_1200x630.jpg)
Ordubad, 31 avqust, AZƏRTAC
Ordubad Şəhər Texniki Peşə və Sürücülük məktəbinin idman zalında rayon gənclər və idman idarəsinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən karate-do üzrə Ordubad rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, birincilik 4 yaş qrupu üzrə karate-do idman növünün ümumi qaydalarına əsasən keçirilib.
Yarışın açılışında Ordubad rayon gənclər və idman idarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək idmana olan dövlət qayğısından, gəncləri zərərli vərdişlərdən çəkindirməyin zəruriliyindən, rayonda idmanın bu növünə marağın artmasından və kütləviliyinə nail olunması istiqamətində görülən işlərdən danışıb.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda 7 yaşlılar arasında Bünyamin Zeynalov, 9 yaşlılardan Tağı Həsənov, 11 yaşlılarda Fikrət Ağacanov, 13 yaşlılar arasında isə Cavanşir Zeynalov birinci yerlərə layiq görülüblər.
Qalib idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıblar.