CƏMİYYƏT
Ötən ay Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 6594 müraciət edilmişdir
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyun ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarəedilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ay ərzində 4356 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. Onlardan 11-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunmuş, 305 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 3282 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 758 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir.
Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün mövcud iş icazələrinin müddətlərinin uzadılması və yenilərinin verilməsi ilə bağlı 6594 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 100 min 660 əcnəbinin müraciəti qeydə alınmışdır.
Bununla yanaşı, işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkarlanaraq qarşısının alınması məqsədilə xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 19 sahibkarlıq subyektində yoxlamalar aparılmışdır. Keçirilmiş tədbirlər nəticəsində 9 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar olunmuşdur.
Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.