MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Zeljko Yoksimoviç: Bakıda hər şey gözəldir – gözəl şəhər, gözəl insanlar, heyrətamiz arena, göz oxşayan güllər, çiçəklər
Bakı, 19 may (AZƏRTAC). Bakıda hər şey gözəldir - gözəl şəhər, gözəl insanlar, heyratamiz arena, göz oxşayan güllər, çiçəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Zeljko Yoksimoviç AZƏRTAC-a müsahibəsində demişdir.
Serbiya təmsilçisi əvvəllər Azərbaycan haqqında o qədər məlumatlı olmasa da internetdə paytaxtımızın şəkillərinə baxdığını və bir az da tariximizlə maraqlandığını bildirmişdir: “Bu böyük şəhərə baxıram, yeni-yeni binaları görürəm. Bakı məndə dərin təəssürat yaradır. Bakıda hər şey gözəldir - gözəl şəhər, gözəl insanlar, heyrətamiz arena, göz oxşayan güllər. Bir sözlə, çox təsirləndim. Mən belə şəhərləri çox sevirəm. Burada insanın daxili aləmi rahatlıq tapır”.
Paytaxtımızın təmizliyi, gözəlliyi və işıqlarından danışan Zeljko Yoksimoviç hər axşam Dənizkənarı Milli Parkda gəzintiyə çıxdığını, oradakı insanların səmimiyyətinin ona müsbət təsir bağışladığını demişdir: “Bulvarda gəzintiyə çıxanda görürəm ki, burada hər kəs çox pozitivdir, azərbaycanlılar serblər kimi çox səmimidirlər. Hər kəs mənimlə görüşməyə çalışır, mehribanlıq göstərirlər. Siz çox qonaqpərvər xalqsınız”.
“Eurovision-2012” mahnı müsabiqəsindəki çıxışı barədə söz açan Zeljko Yoksimoviç builki mahnısının çox emosional olduğunu qeyd etmişdir. “Baku Crystal Hall”un yaxşı abı-havasının olduğunu deyən serbiyalı müğənni bu il müsabiqənin yaddaqalan olacağına əminlik ifadə etmişdir. O, demişdir: “Həm səhnə tərtibatı, həm işıqlar, həm burada işləyən insanlar - hər şey mükəmməldir. Bir daha qeyd etməliyəm ki, çox razıyıq. Məndə maraq doğuran başqa bir məqam odur ki, bu arena tamamilə yenidir. Bu obyektin qısa müddətdə tikilməsi isə təşkilatçılığın yüksək səviyyəsini göstərir. Bu münasibətlə sizi təbrik edirəm”.
Sonda tamaşaçılarına səslənən müğənni hər bir ifaçı kimi onların dəstəyinə ehtiyacı olduğunu bildirmişdir.