SİYASƏT
ÖZBƏKİSTAN PARLAMENTİNİN AŞAĞI PALATASI-ALİ MƏCLİSƏ SEÇKİLƏR KEÇİRİLMİŞDİR
Daşkənd, 28 dekabr (AZƏRTAC). Dekabrın 27-də Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisə seçkilər keçirilmişdir.
Seçkiləri dünyanın 36 dövlətindən, həmçinin ATƏT, MDB-nin İcraiyyə Komitəsi, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlardan gəlmiş müşahidəçilər izləmişlər.
Azərbaycan Milli Məclisi Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr qrupunun rəhbəri Aydın Abbasov, qrupun üzvləri Çingiz Abdullayev və Əkrəm Abdullayev, parlamentin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov seçkilərin gedişini paytaxtda və Daşkənd vilayətində izləmişlər.
Seçkilərdə Özbəkistan Xalq-Demokratik partiyası, “Ədalət” Sosial Demokrat partiyası, sahibkarlar və işgüzar adamlar hərəkatı-Liberal-Demokratik partiyası, “Milli dirçəliş” Demokratik partiyası və Özbəkistan Ekoloji Hərəkatı iştirak etmişdir.
Seçkilər başa çatdıqdan sonra keçirilən brifingdə Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdysalamov bildirmişdir ki, ilkin məlumata görə, seçkilərdə 15 milyon 108 min 950 nəfər iştirak etmişdir ki, bu da seçicilərin ümumi sayının 87,8 faizini təşkil edir. Bu da o deməkdir ki, seçki baş tutmuşdur.
Özbəkistan Prezidenti İslam Kərimov Daşkənddəki 644 nömrəli seçki məntəqəsində səs vermiş, sonra jurnalistlərlə görüşmüşdür. Dövlət başçısı demişdir ki, müstəqillik illərində ölkədə demokratik prinsiplərə və çoxpartiyalılığa əsaslanan seçki sistemi yaradılmışdır, bu isə öz bəhrəsini verməkdədir. Dövlət başçısı jurnalistlərin suallarına cavab vermişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd