MƏDƏNİYYƏT
Özbəkistanda “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dildə ensiklopedik nəşr çapdan çıxıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr çapdan çıxıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, nəşr 5 dildə - Azərbaycan, özbək, türk, ingilis və rus dillərində işıq üzü görüb.
Qeyd olunub ki, 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalanıb, 2022-ci il martın 31-də isə Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Qərarı ilə qədim muğam- sənət beşiyi olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaqdır. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olumasından sonrakı dövrünə aid məlumatlar da yer alır.
Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunan nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında ən vacib faktlar, məlumatlar və fotolar öz əksini tapıb.
Nəşrdə “Şuşa İli” və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən bəhs olunub.