SİYASƏT
Pakistan nümayəndə heyəti Azərbaycanda keçirilən prezident seçkilərində yaradılmış şəraitdən razılıq bildirmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə prezident seçkilərini müşahidə etmiş Pakistan Senatının üzvü, Senatın müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə M.Hüseyn Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı heç bir problemlə qarşılaşmadıqlarını, yaradılmış şəraitdən və bütövlükdə prosesdən razı qaldıqlarını diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan ilə Pakistan arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuşdur.
Nazir Elmar Məmmədyarov nümayəndə heyətinə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi dövründəki fəaliyyəti haqqında məlumat vermişdir.