İQTİSADİYYAT
“PAŞA Həyat” vəfat etmiş şəxsin ailəsinə 12 min manata yaxın sığorta ödənişi vermişdir
Bakı, 7 dekabr (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödəniş həyata keçirmişdir.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “PAŞA Həyat” tərəfindən sığortalı müəssisənin işçisi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Baş vermiş hadisə barədə qanunvericiliyin tələblərinə uyğun məlumatlar toplanaraq “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”na müvafiq olaraq, vəfat etmiş şəxsin ailəsinə 11,579 min manat həcmində birdəfəlik ödəniş verilmişdir.
Qeyd edək ki, yanvar-oktyabr aylarında bu sığorta növü üzrə 650 min manata yaxın sığorta ödənişi həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.