DÜNYA
PAUELL İSRAİLİN BAŞ NAZİRİ ŞARONU QOŞUNLARI İORDAN ÇAYININ QƏRB SAHİLİNDƏN TƏCİLİ ÇIXARMAĞA ÇAĞIRMIŞDIR
BŞ dövlət katibi Kolin Pauell İsrailin baş naziri Ariel Şaronu İordan çayının Qərb sahilindəki Fələstin ərazilərindən qoşunları təcili surətdə çıxarmağa çağırmışdır. İsrail mənbələrinin məlumatına görə, Təl-Əvivdə hökumətin başçısı ilə görüşdə Pauell İordan çayının Qərb sahilində, xüsusən hərbi əməliyyat nəticəsində qaçqınların düşərgəsinin viran edildiyi Cənində humanitar vəziyyətin gərginləşməsindən narahat olduğunu da bildirmişdir.
Alınmış xəbərlərə görə, Şaron hərbi əməliyyatın başa çatdırılacağı tarixi heç cür açıqlamamışdır. Buna baxmayaraq, Pauell ilə görüşdən sonra baş nazir bəyan etmişdir ki, Yaxın Şərqdə vəziyyətin müzakirəsi üçün tezliklə beynəlxalq görüş keçiriləcəkdir. Şaronun dediyinə görə, görüşdə İsrail, Misir, Mərakeş, İordaniya, Səudiyyə Ərəbistanı və Fələstin nümayəndələri iştirak edəcəklər.
Lakin, İTAR-TASS müxbirinin Qahirədən verdiyi xəbərə görə, Fələstin hökuməti ABŞ-ın himayəsi ilə regional sülh konfransı keçirilməsi haqqında İsrail baş nazirinin təklifini rədd etmişdir. Bu təklifi Şaron ABŞ dövlət katibi ilə görüşdə irəli sürmüşdü. Fələstinin yüksək vəzifəli nümayəndəsi Sahib Arikat İsrail baş nazirinin təşəbbüsünü “vaxtı hədər yerə itirmək” kimi qiymətləndirmişdir. O demişdir: “Əgər Şaron sülhdən danışmaq istəyirsə, martın axırlarında keçirilmiş ümumərəb zirvə görüşündə bəyənilmiş sülh təşəbbüsünü qəbul etməli və İsrail qoşunlarını 1967-ci il iyunun 4-dək mövcud olmuş sərhədlərə çəkməlidir. Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən bu təşəbbüsdə 1967-ci ildə İsrailin işğal etdiyi bütün ərəb ərazilərinin azad olunması müqabilində ərəb ölkələrinin İsrail ilə münasibətləri normallaşdırması nəzərdə tutulur”.
Şaronla görüşdən əvvəl ABŞ dövlət katibi Fələstin Milli Muxtariyyətinin başçısı Yasir Ərəfatla onun Rəmallahdakı iqamətgahında görüşmüşdür. Onların danışıqları üç saatdan çox çəkmişdir. Görüşdən sonra Amerika xarici siyasət idarəsinin rəhbəri onu faydalı və konstruktiv görüş adlandırmışdır.