ELM VƏ TƏHSİL
“Pəncərə” proqramı çərçivəsində ilk görüş AzTU-da keçirilib
Bakı, 19 may, AZƏRTAC
“Pəncərə” - tələbə məsələlərinin araşdırılması, müraciətlərin dinlənilməsi, təklif və iradların aidiyyətı üzrə yönləndirilməsinə dəstək proqramı çərçivəsində ilk görüş Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov “Pəncərə” proqramının əhəmiyyətindən danışıb. O, proqramın tələbələrin təklif və iradlarının operativ cavablandırılması baxımından faydalı olduğunu qeyd edib.
“Pəncərə” proqramının rəhbəri Fidan Həsənova hədəflər və fəaliyyət istiqamətləri haqqında danışıb.
Daha sonra sual-cavab sessiyası keçirilib. Sessiya zamanı tələbələr onları maraqlandıran suallara cavab tapıb, TGT-nin fəaliyyətinin genişləndirilməsi və daha effektiv işlərin həyata keçirilməsi istiqamətində öz təkliflərini səsləndiriblər.