SİYASƏT
Politoloq: Davos Forumu ölkəmizdə bərpaolunan enerji sahəsinə daha çox sərmayənin cəlb edilməsinə imkan verəcək
![Politoloq: Davos Forumu ölkəmizdə bərpaolunan enerji sahəsinə daha çox sərmayənin cəlb edilməsinə imkan verəcək](/files/2023/1/1200x630/16743692064489150331_1200x630.jpg)
Bakı, 22 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda builki iştirakı əlamətdar hadisədir. Forum 1970-ci ildən ənənəvi şəkildə hər il keçirilir. Forumun əsas məqsədi dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznes insanlarının iştirakı ilə yeni iqtisadi layihələrin müzakirələrinin keçirilməsini təşkil etməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
Y.Hacızadə deyib: “İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsirə malikdir. Həmçinin dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində də önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsiri, siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı, enerji təhlükəsizliyi kimi problemlərin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş insanlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya gətirən Davos İqtisadi Forumu şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır”.
Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı kimi 2007-ci ildə “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında keçirilən Forumda iştirak etdiyini xatırladan politoloq deyib: “Həmin vaxt dövlətimizin başçısı “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda çıxış edərək ölkəmizdə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb və bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirdi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artığını qeyd edən dövlətimizin başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd etdi”.
On altı il əvvəl dünyanın ən böyük iqtisadi forumunda Prezident İlham Əliyev gözlənilən enerji təhlükəsi mövzusuna toxunaraq Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən və təhlükənin qarşısının alınmasında oynadığı roldan danışmışdı. Bu, dövlətimizin başçısının gələcəklə bağlı aydın baxışlarının olduğunu göstərən əyani sübutdur.
Politoloq qeyd edib ki, Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Forum Azərbaycanın iqtisadi və nəqliyyat kommunikasiya imkanlarını, enerji layihələrini bir daha təqdim etməsi baxımından əhəmiyyətlidir. Əminliklə söyləmək olar ki, builki Davos Forumu işğaldan azad olunmuş ərazilərimizdə yeni iqtisadi imkanların reallaşdırılmasına, yaşıl və bərpaolunan enerji sahələrinə investisiya cəlb edilməsinə mühüm töhfə verəcək.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropa İttifaqı ölkələri və digər dövlətlərlə müxtəlif sahələrlə yanaşı, iqtisadi sahədə də əlaqələrini gücləndirməkdədir. Azərbaycan Prezidentinin Davosdan əvvəl Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin açılışında iştirakında əsas məqsədlərdən biri iştirakçı ölkələrlə əlaqələrin möhkəmləndirilməsi, təmiz enerji, sərmayələrin cəlbi və yeni texnologiyaların tətbiqinin genişləndirilməsi üzrə əməkdaşlığın dəstəklənməsi idi.
Bütövlükdə Azərbaycan Prezidentinin son illər beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər, apardığı müzakirələr ölkəmizə bərpaolunan enerji sahəsinə daha çox sərmayənin və texnologiyanın cəlb edilməsinə imkan verəcək. Eyni zamanda, bu, Qarabağın və Şərqi Zəngəzurda iqtisadiyyatının inkişafına təkan olmaqla həmin ərazilərə investisiyaların cəlb edilməsini sürətləndirəcək.