RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRINDA APARILAN ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
![PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRINDA APARILAN ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR](/files/2009/3/1200x630/1485865159375918222_1200x630.jpg)
Bakı, 1 dekabr (AZƏRTAC). Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşlar.
Yenidənqurma işlərinin gedişi ilə maraqlanan Prezident İlham Əliyev binanın fasadına baxdı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, binanın fasadında yenidənqurma işlərinin böyük qismi görülmüşdür. Fasadla yanaşı, ətraf binalarda da yenidənqurma işləri aparılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva teatr binasının əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və onun hazır olandan sonrakı vəziyyətini əks etdirən şəkillərə baxdılar.
Dövlətimizin başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə keçən ilin noyabrında başlanmışdır. Ötən əsrin ortalarında istifadəyə verilmiş binada müxtəlif vaxtlarda orijinal layihəyə uyğun olmayan yenidənqurma və təmir işləri aparılmışdı. Hazırkı yenidənqurma işlərinin əsas özəlliyi də teatr binasının orijinal vəziyyətinin bərpa olunmasıdır.
Prezident İlham Əliyev tamaşa salonunda aparılan yenidənqurma işləri ilə də maraqlandı.
Məlumat verildi ki, əvvəllər 590 nəfərlik tamaşa salonunda yerlərin sayı yenidənqurmadan sonra 650-ə çatdırılacaqdır. Hazırda səhnədə mexanikləşdirmə işləri gedir, burada ən müasir işıq və səs sistemləri quraşdırılır. Bu avadanlıq teatrın müasir standartlara uyğun kompyuterləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, teatr binasında 150 yerlik kiçik salonda da son tamamlama işləri gedir. Bu salonda gənc rejissorların hazırladıqları eksperimental və monotamaşalar nümayiş etdiriləcək, mədəniyyət sahəsinə aid digər tədbirlər keçiriləcəkdir.
Dövlətimizin başçısı yenidənqurmadan sonra teatrın ən müasir standartlar səviyyəsində olmasının zəruriliyini bildirdi, müvafiq tapşırıqlarını verdi.
######
![]() |
![]() |
![]() |
![]() |