Prezident İlham Əliyev “Euronews”a müsahibəsində dünya ictimaiyyətinə bir daha çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır - Politoloq

Bakı, 2 avqust, AZƏRTAC
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır və regionda baş verən bütün proseslərə təmkinlə yanaşır.
Bu fikri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.
Vətən müharibəsindən sonra regionda vəziyyətin mürəkkəb olmasından təəssüfləndiyini bildirən İ.Vəlizadə deyib: “Bu gərginliyin səbəbi Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Ermənistanın öhdəsinə düşən vəzifələri icra etməkdən boyun qaçırması vəziyyətin daha da mürəkkəbləşməsinə və əngəllərə yol açır.
Regionda təxribat xarakterli proseslər baş verir və bunlar kifayət qədərdir. Əslində, bu addımlar ona hesablanıb ki, sülh danışıqları pozulsun və nəticəsiz qalsın. Azərbaycan tərəfi sülhə və təhlükəsizliyə təhdid olan bütün təxribatları pisləyir, bunların aradan qaldırılması üçün bütün müstəvilərdə səylərini davam etdirir”.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində hazırda regiondakı gərgin vəziyyətin səbəbkarının Ermənistan olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Digər tərəfdən, dövlətimizin başçısı tərəflər arasında sülh sazişinin imzalanacağına ümid etdiyini də bildirdi və bunun üçün Ermənistanın siyasi rəhbərliyini tutduğu destruktiv mövqedən yayınmağa çağırdı.
“Azərbaycan Prezidenti Ermənistan ictimaiyyətinə üz tutaraq bildirdi ki, rəhbərləri onları 30 il ərzində aldatmağa çalışıb, əsl həqiqəti gizlədiblər. Real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdırlar. “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar”, - deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin onlara normal həyat təklif etdiyini bildirdi. Normal həyat isə o vaxt təmin olunacaq ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar”, - deyə İlqar Vəlizadə vurğulayıb.
Politoloq bildirib ki, sülh sazişinin imzalanması təşəbbüsü məhz Azərbaycan tərəfindən verilib, halbuki, məğlub tərəf Ermənistandır. Sülh gündəliyinin təqdim olunduğunu, danışıqların aparıldığını və normallaşma prosesində vasitəçilərdən birinin də Avropa İttifaqı olduğunu xatırladan politoloq deyib: “Təəssüflər olsun ki, Ermənistan tərəfi normallaşma prosesini ləngidir. Azərbaycan və Avropa İttifaqı tərəfindən atılan addımlar danışıqların məhsuldar və nəticəyönümlü olmasına hesablanıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi öz destruktiv mövqeyindən əl çəkəcək və sülh sazişini imzalayacaq”.