SİYASƏT
PREZİDENT İLHAM ƏLİYEV SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMALARIN NİZAMA SALINMASI VƏ İSTEHLAKÇILARIN HÜQUQLARININ QORUNMASININ TƏMİN EDİLMƏSİNƏ DAİR BƏZİ TƏDBİRLƏR HAQQINDA FƏRMAN İMZALAMIŞDIR
Bakı, 13 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Fərman imzalamışdır.
Fərmanda istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının səmərəli müdafiəsini təmin etmək məqsədilə Nazirlər Kabinetinə tapşırılır ki, iki ay müddətində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb dövlət başçısına təqdim etsin.
Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasının da hazırlanıb Prezidentə təqdim edilməsi Nazirlər Kabinetinə həvalə olunur.
Fərmanda qeyd olunur ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.