SİYASƏT
Professor Musa Qasımlı: Azərbaycan Prezidentinin Türk dünyası ilə bağlı söylədiyi fikirlər bir yol xəritəsidir
![Professor Musa Qasımlı: Azərbaycan Prezidentinin Türk dünyası ilə bağlı söylədiyi fikirlər bir yol xəritəsidir](/files/2024/2/1200x630/17177644074189028024_1200x630.jpg)
Bakı, 7 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyəti ilə görüşündə söylədiyi fikirlər, ideyalar Türk dünyasının təkcə bu günü deyil, gələcəyi üçün də əhəmiyyətlidir. Dövlətimizin başçısı bildirdi ki, əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdir. Onun da qanadlarından biri qanunverici orqandır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı professor Musa Qasımlı deyib. O bildirib ki, Prezidentin Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına və digər qurumlara üzv olması ilə bağlı söylədiyi fikir Şimali Kipr Türk Respublikasının və xalqının taleyində bir dönüş anıdır: “Bu deyilənlər təkcə Şimali Kipr Türk Respublikası üçün deyil, eyni zamanda, müstəqil dövləti olmayan türk xalqları üçün böyük bir mesajdır. Prezidentin Türk dünyası ilə bağlı söylədikləri əbədiyyən mövcud olacaq Türk dünyasının yol xəritəsidir. Prezident çıxışında Ermənistanla bağlı məsələləri bir daha gündəliyə gətirdi və aydın olaraq bildirdi ki, əgər Ermənistan və ondan ötrü zəng edib xahiş edən dövlətlər regionda sülh istəyirlərsə, Ermənistan Konstitusiyasında mütləq dəyişiklik etməlidir. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı olan əsassız ərazi iddiaları çıxarılmalıdır. Revanşizmə son qoyulmalıdır. Ermənistan Konstitusiyasındakı dəyişikliklər regionda gələcəkdə möhkəm sülhün təməlini qoyar. Fikrimcə, Prezident İlham Əliyevin görüşdə söylədikləri fikirlər prinsipial əhəmiyyət daşıyır. Həm regionumuzun, həm də Türk dünyasının gələcəyinə işıq tutur”, - deyə professor Musa Qasımlı fikrini yekunlaşdırıb.