ELM VƏ TƏHSİL
Qafqaz Universitetində xarici vətəndaşlara miqrasiya prosesləri barədə məlumat verilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Qafqaz Universitetində xarici vətəndaşlar üçün miqrasiya prosesləri ilə bağlı seminar keçirilmişdir.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, seminarda universitetin xarici əlaqələr üzrə prorektoru Sənnur Əliyev bu ali təhsil ocağının qurulmasında, fəaliyyət göstərməsində ulu öndər Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan danışmışdır. Qafqaz Universiteti Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında və Azərbaycan təhsilinin dünyaya inteqrasiyasında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fasiləsiz təhsil kompleksinin ən yüksək pilləsidir. Universitet tədris proqramları, təhsil modeli, maddi-texniki bazası, kadr potensialı, geniş beynəlxalq əlaqələri ilə elmi-pedaqoji ictimaiyyətin rəğbətini qazanmış, ölkəmizin hüdudlarından kənarda da tanınmışdır. Xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə Qafqaz Universiteti ölkəmizin qabaqcıl ali məktəblərindən biridir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin rəisi Elxan Vəliyev məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, təmsil etdiyi qurum miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə statuslu mərkəzi icra hakimiyyəti orqanıdır. E.Vəliyev tələbə və müəllimlərin suallarını cavablandırmışdır.
Sonda universitetin rektoru, professor Əhməd Saniç Elxan Vəliyevə xatirə plaketini təqdim etmişdir.