İDMAN
“Qarabağ”dan Avropa Liqası yarışlarında növbəti heç-heçə
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 27-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” komandası Fransada yerli “Sent-Etyen” kollektivi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Geoffroy-Guichard” stadionunda keçirilən oyunun 15-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Vüqar Nadirov Maksim Medvedevin ötürməsini mükəmməl qol ilə tamamlayıb. Altı dəqiqə sonra Riki van Volfsvinkel hesabı bərabərləşdirib. İslandiyalı baş hakim Kristinn Jakobssonun idarə etdiyi oyunun 22-ci dəqiqəsində Leroy Corc ikinci topu Fransa təmsilçisinin qapısından keçirsə də, ofsayd olduğu üçün qol qeydə alınmayıb. Görüşün ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşün ikinci hissəsi “Sent-Etyen”in üstünlüyü şəraitində başlayıb. İkinci hissədə müdafiəni gücləndirən baş məşqçi Qurban Qurbanov Leroy Corcu İlqar Qurbanov ilə, Namiq Yusifovu Admir Teli ilə, Vüqar Nadirovu isə Namiq Ələsgərov ilə əvəzləyib.
Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesabı ilə yekunlaşıb.
“F” qrupunda çıxış edən Ağdam klubu Bakıda “Sent-Etyen” ilə qolsuz (0:0) bərabərə qalmışdı.
Qrupun digər oyununda isə “İnter” və “Dnepr” (Ukrayna) İtaliyada üz-üzə gəliblər. İtaliya təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək 11 xalla turnir cədvəlindəki birinciliyini möhkəmləndirib. Hesabında 5 xal olan “Qarabağ” və “Sent-Etyen” komandaları ikinci və üçüncü pillədə qərarlaşıblar.