QARDAŞ ÖLKƏLƏRİMİZİN MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ DAVAM EDİR
PARTİYA LİDERİ İLƏ SÖHBƏT
Azərbaycan Prezidenti dost, ölkələrimizin qarşılıqlı surətdə faydalı münasibətlərindən söhbət açdı, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsindən geniş bəhs etdi. Heydər Əliyev dedi ki, xalqımız təcavüzkara layiqli cavab vermək üçün var qüvvə ilə döyüşür.
Respublika Prezidenti Heydər Əliyev öz iqamətgahında Türkiyədə yaşayan azərbaycanlılar icmasının nümayəndələri ilə görüşdü. Görüşü açan Yusif Riya Ayvım bildirdi ki, biz Heydər Əliyevi dünya miqyasında tanınan və sayılan böyük bir siyasətçi kimi qiymətləndiririk. Türkiyədə yaşayan azərbaycanlıların ən böyük arzusu Azərbaycanı tam müstəqil, hüquqi dövlət kimi görməkdir. Biz əminik ki, Heydər Əliyevin rəhbərliyi altında torpaqlarımız düşməndən tezliklə azad olunacaqdır.
Azərbaycan Prezidenti Türkiyə torpağında keçirilən görüşlərdən və danışıqlardan məmnun olduğunu bildirdi və dedi ki, qədim tarixə malik xalqlarımızın dostluğu əsrlərin böyük sınağından mərdliklə çıxıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz öz aralarındakı sədləri qarşılıqlı surətdə götürərək əməkdaşlığı gündən-günə genişləndirirlər. İndi hər bir azərbaycanlı və yaxud türkiyəli istədiyi vaxt bir-birini ziyarət edə bilər. Heydər Əliyev onu da qeyd etdi ki, indi Türkiyədəki müəyyən qüvvələr Azərbaycanın müstəqilliyi haqqında cürbəcür fikirlər yayırlar. O dedi: Mən bir Prezident kimi sizi əmin edirəm ki, heç bir qüvvə bizim dövlətimizin müstəqilliyini əlindən ala bilməz. Torpaqlarımızda altı ildir ki, müharibə gedir, ərazilərimizin bir hissəsi ermənilər tərəfindən işğal olunub. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı bu sınaqlardan mətanətlə çıxacaq, öz ərazi bütövlüyünü qoruyub saxlayacaqdır.
Heydər Əliyev respublikadakı ictimai-siyasi proseslərdən də söhbət açdı və bildirdi ki, indi bütün azərbaycanlıların birliyi, həmrəyliyi xüsusilə vacibdir. Türkiyədə yaşayan azərbaycanlılar da öz vətənlərinin mövqeyini müdafiə etməli, köməklərini əsirgəməməlidirlər. Prezident soydaşlarımızı hər yerdə Azərbaycanın haqq işinin müdafiəçisi, təbliğatçısı olmağa çağırdı.
FƏXRİ DOKTORUDUR
Elə həmin gün Prezident Heydər Əliyev Azərbaycandakı Hacəttəpə Universitetinə gəldi. Bu təhsil ocağı Türkiyədə çox məşhurdur. Cümhuriyyətin bir çox şəhərlərində onun filialları və fakültələri fəaliyyət göstərir.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti Türkiyənin bu nüfuzlu universitetində səmimi qaşılandığına görə təşəkkürünü bildirdi və buraya gəldiyinə məmnun olduğunu söylədi. Heydər Əliyev dedi ki, Azərbaycanda böyük elmi və intellektual potensial vardır. Respublikamızda çoxlu ali məktəb fəaliyyət göstərir. Azərbaycanın elm adamlarının bir çoxu dünya miqyasında tanınır. Azərbaycanın və Türkiyənin ali məktəbləri, elm adamları arasında qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsi çox zəruridir.
Heydər Əliyev daha sonra dedi ki, universitetinizin məni layiq gördüyü Fəxri doktor adını Azərbaycan xalqına və onun elminə verilən yüksək qiymət kimi qəbul edirəm və universitetin bütün professor-müəllim heyətinə minnətdarlığımı bildirirəm. Mənə verilən Fəxri doktor adını ləyaqətlə daşıyacaq və bu xoş günü yaddan çıxarmayacağam.
Heydər Əliyev Azərbaycanın xalq rəssamı Mikayıl Abdullayevin əsərlərini - böyük türk şairi Yunus İmrənin yağlı boya ilə çəkilmiş portretini Hacəttəpə Universitetinə hədiyyə kimi təqdim etdi.
Təntənəli görüşdə Türkiyə Cümhuriyyətinin Baş naziri, professor Tansu Çillərin Azərbaycan Prezidenti Heydər Əliyevə təbrik teleqramı oxundu.
Bilkənd Universiteti idarə heyətinin sədri, xalqımızın böyük dostu İhsan Doğramacı Azərbaycan Respublikasının Prezidentini və onu müşayiət edən rəsmi şəxsləri öz evinə qonaq dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu. Yüksək zövqlə və gözəl memarlıq üslubunda tikilmiş evdə universitetin simli orkestri həmyerlimiz Sərvər Quliyevin rəhbərliyi altında konsert proqramı ilə çıxış etdi, Qara Qarayevin, İvli Camal Erkinin, Fikrət Əmirovun əsərlərindən parçalar ifa olundu.
İhsan Doğramacı Heydər Əliyevi Hacəttəpə Universitetinin Fəxri doktoru seçilməsi münasibətilə təbrik etdi, xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrindən danışdı. Azərbaycan Prezidenti ona minnətdarlığını bildirdi və qeyd etdi ki, Türkiyənin görkəmli oğlu, bütün həyatını təhsil sisteminin inkişafına həsr etmiş İhsan Doğramacı Azərbaycanda da böyük hörmətə malikdir.
Azərbaycan Prezidenti xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirməyin vacibliyindən danışdı, respublikamızda hazırki ictimai-siyasi proseslərdən və müharibənin gedişindən geniş bəhs etdi.
İhsan Doğramacı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onu müşayiət edən rəsmi şəxslərin şərəfinə nahar verdi.
Fevralın 9-da günortadan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinə gəldi. Parlament binasının həyətində onu məclisin sədri Hüsaməddin Cindoruq mehribanlıqla qarşıladı. Heydər Əliyevlə Hüsaməddin Cindoruq arasında görüş oldu.
Dövlətimizin başçısı Azərbaycan Respublikası adından Türkiyə parlamentinə nəfis Azərbaycan xalçası bağışladı.
Görüşdən sonra Prezidentimiz Böyük Millət Məclisinin iclasında iştirak etdi və geniş nitq söylədi.
Heydər Əliyevin nitqi deputatlar tərəfindən böyük maraqla qarşılandı və hərarətlə alqışlandı.
EDƏN SƏNƏDLƏR
Türkiyə Prezidentinin iqamətgahında - “Çankaya” köşkündə iki dövlət arasında sənədlərin imzalanması mərasimi keçirildi. Mərasimdə Türkiyə Cümhuriyyətinin Prezidenti S.Dəmirəl və Azərbaycan Respublikasının Prezidenti H.Əliyev çıxış etdilər.
Prezidentlər iki dost və qardaş ölkə arasında bağlanan bu sazişlərə yüksək qiymət verib bildirdilər ki, həmin sənədlər Azərbaycan ilə Türkiyənin münasibətlərinin daha da möhkəmlənməsində və dərinləşməsində mühüm rol oynayacaqdır.
Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiyə Prezidenti Süleyman Dəmirəl iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzaladılar.
Hər iki ölkənin xarici işlər nazirləri də bir sıra mühüm sənədləri imzaladılar. Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət, gömrük əlaqələri və digər sahələrdə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr bağlandı. Ümumiyyətlə, 16 sənəd imzalandı.
Azərbaycan Prezidenti və onu müşayiət edən şəxslər “Çankaya” köşkündən “Ankara Palas” hotelinə gəldilər. Respublikamızın dövlət başçısı burada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətin digər üzvləri ilə görüşdü, onların qarşısında çıxış etdi.
Heydər Əliyev Azərbaycandakı mövcud vəziyyətdən geniş bəhs etdi, respublika rəhbərliyinin həyata keçirdiyi xarici siyasətdən danışdı. O dedi ki, biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı bərabərhüquqlu əlaqələr qurmaq prinsipini əsas tuturuq və öz xarici siyasətimizi bu istiqamətdə aparırıq. Heydər Əliyev bildirdi ki, indi Azərbaycan dünyanın ən nüfuzlu təşkilatları olan BMT-nin, ATƏM-in üzvüdür, bütün beynəlxalq təşkilatlarla imkan daxilində əlaqələr qurmağa çalışır. Azərbaycan beynəlxalq aləmdə tanınan müstəqil dövlətdir.
Azərbaycan rəhbəri dedi ki, respublikamız dünyanın bütün ölkələri ilə əlaqələri möhkəmləndirir, eyni zamanda öz yaxın qonşuları olan dövlətlərlə əməkdaşlığa xüsusi diqqət yetirir. Türkiyə ilə münasibətlərimizin daha da yaxşılaşmasına böyük əhəmiyyət veririk, çünki ölkələrimizin xalqlarını çoxəsrlik tarix bir-birinə bağlayır.
Heydər Əliyev dünya ölkələrinin diplomatlarına Azərbaycan ərazisində gedən müharibə, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarında qaçqına çevrilmiş və çox çətin vəziyyətdə yaşayan bir milyondan artıq vətəndaşımızın problemləri haqqında da geniş söhbət açdı.
Azərbaycan Prezidenti vaxtilə süni surətdə yaradılmış “Qarabağ məsələsi”nin əsl mahiyyətini diplomatlara hərtərəfli izah etdi.
Heydər Əliyev müharibənin danışıqlar yolu ilə dayandırılması barədə Azərbaycanın səyləri, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyəti və dünyanın bir sıra iri dövlətlərinin sülh təşəbbüsləri barədə də geniş söhbət açdı və bir daha bildirdi ki, biz müharibə istəmirik. Dövlət başçısı dedi ki, Azərbaycan xalqı artıq ayağa qalxaraq, beynəlxalq təşkilatların qətnamələrinə və dünya dövlətlərinin təsirinə məhəl qoymayan təcavüzkara qarşı, işğal olunmuş torpaqlarımızı azad etmək uğrunda mübarizə aparmaqdadır. Heydər Əliyev Azərbaycandakl demokratik proseslərin gedişindən də bəhs etdi.
Diplomatlar onlarla görüşə vaxt ayırdığı üçün və səmimi söhbətə görə görkəmli siyasi xadim Heydər Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda bütün səfirlər və diplomatik heyətin digər üzvləri növbə ilə Heydər Əliyevə yaxınlaşıb görüşdülər. Azərbaycan Prezidenti onların hər birinə xüsusi diqqət yetirdi, qısa söhbət etdi, öz ölkələrinin dövlət başçılarına salam söyləməyi xahiş etdi.
Fevralın 9-da axşam Heydər Əliyev öz iqamətgahında Ankarada yaşayan azərbaycanlıların böyük bir qrupu ilə görüşdü, onların qarşısında çıxış etdi. Azərbaycan Prezidenti respublikadakı hazırki vəziyyət, müharibənin gedişi, müstəqil dövlətimizin xarici əlaqələrinin genişlənməsi barədə danışdı, dünya ölkələrində yaşayan bütün azərbaycanlıları doğma Vətənlə həmrəyliyə çağırdı.
Görüşdə çıxış edən soydaşlarımız müharibənin davam etməsindən narahatlıqla söhbət açdılar, xalqımızın görkəmli oğlu, Prezident Heydər Əliyevin yeritdiyi düzgün siyasətə tərəfdar olduqlarını bildirdilər.
Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə səfərinin rəsmi hissəsinin başa çatması ilə əlaqədar olaraq, “Çankaya” köşkündə təntənəli yolasalma mərasimi keçirildi.
“Çankaya” köşkü Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş, fəxri qarovul düzülmüşdü. H.Əliyev və S.Dəmirəl fəxri kürsüyə qalxdılar. Toplardan atılan yaylım atəşinin sədaları altında Azərbaycanın və Türkiyənin dövlət himnləri ifa olundu. Fəxri qarovulun rəisi prezidentlərə raport verdi. Heydər Əliyev və Süleyman Dəmirəl fəxri qarovulun önündən keçdilər, bir anlıq ayaq saxlayaraq Azərbaycanın və Türkiyənin dövlət bayraqları önündə baş əydilər. Heydər Əliyev fəxri qarovulu “Mərhaba, türk əsgəri!” sözləri ilə salamladı.
Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər həmin gecə İstanbula yola düşdülər. Ankaranın “Esenboğa” hava limanında Heydər Əliyevi Prezident Süleyman Dəmirəl və Türkiyə Cümhuriyyətinin digər yüksək vəzfəli şəxsləri yola saldılar. Heydər Əliyev və Süleyman Dəmirəl təyyarənin pilləkəni yanında səmimi görüşüb xudahafizləşdilər.
Respublika Prezidenti Heydər Əliyev və nümayəndə heyətimizin üzvləri gecədən xeyli keçmiş İstanbula gəldilər.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara-İstanbul