ELM VƏ TƏHSİL
Qazax və Ağstafa rayonlarında etnoqrafik tədqiqatlar aparılıb
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun etnoqrafik ekspedisiyası Qazax və Ağstafa rayonlarında tədqiqatlar aparıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ekspedisiyanın məqsəd və vəzifələrinə uyğun olaraq bölgənin təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyəti, sənətkarlığı, ailə-məişəti, folkloru və s. tədqiqata cəlb olunub. Bölgədə şəhər əhalisinin artması və infrastrukturunun genişlənməsi, internetin təsiri, əhalinin dünyagörüşündə, həyat tərzində, məişətində, ailə və ailə-nikah münasibətlərində, ağsaqqallıq, ağbirçəklik, qarşılıqlı yardım formaları, toy və yas mərasimlərinin keçirilməsi, mətbəx mədəniyyəti və s. sahələrdəki dəyişikliklər öyrənilib.
Ekspedisiya üzvləri Ağstafa Regional Mədəniyyət İdarəsində, “Keşikçidağ”, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruqlarında, Ağstafa Tarix-Diyarşünaslıq Muzeyində olublar. Qazax və Ağstafa şəhər mərkəzləri ilə yanaşı, Qazax rayonunun Kosalar, Alpoud, Qıraq Kəsəmən, Ağköynək, Daş Salahlı, Abbasbəyli, Qarapapaq, Kəmərli, Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Xanlıqlar, Astanbəyli, Sadıxlı, Muğanlı, Böyük Cəfərli və s., Ağstafa rayonunun Həsənsu, Eynallı, Vurğun, Köçəsgər, Poylu, Qarahasanlı, Düzqışlaq, Kolayır, Pirili, Xılxına kəndlərində etnoqrafik materiallar toplanılıb
Bölgənin təsərrüfat həyatında taxılçılıq, kartofçuluq, baramaçılıq, tütünçülük, atçılıq, camışçılıq, balıqçılıq, arıçılıq kimi sahələrin bugünkü durumu da ekspedisiyanın diqqətində olub.
Ekspedisiya müddətində müxtəlif yaşayış məntəqələrində yaşamış və indi yaşayıb-yaradan sənətkarlar haqqında məlumat toplanıb, ənənəvi sənət sahələrinin indiki vəziyyəti, baş verən dəyişikliklər öyrənilib.
Azərbaycanın xalq sənətkarlıq növlərindən biri olan sandıqçılıq Qazaxda yaşamaqdadır. Rayon mərkəzində sandıqçılıqla məşğul olan Nofəl Qurbanovun bildirdiyinə görə, bu sənət sahəsi bir növ ailə ənənəsi sayılır. Hazırda cehiz sandıqlarının bazarı yoxdur, müasir mebellər ənənəvi sandıqları çoxdan sıradan çıxarıb. Amma mücrü sandıq hazırlanmasına üstünlük verilir.
Nofəl Qurbanov mücrü sandıqları əsasən tam quru şam ağacından hazırlayır.
Ekspedisiya Qazax-Ağstafa bölgəsində sazbəndlik sənətinin bugünkü vəziyyəti barədə məlumatlar əldə edib.
Bağanıs Ayrım sakinləri olan sazbəndlər Səhlədar Adıgözəlov və oğlanları Nazim, İsrafil və Bəhruz, qardaşı oğlu Elvin Adıgözəlov, Qazaxbəyli kənd sakini Bəxtiyar Yusifov sazbənd sənəti və onun bugünkü vəziyyəti barədə ekspedisiya üzvlərini məlumatlandırıblar.
“Qara saz”, “Ana saz”, “Sədəfli saz”, “Beçə saz” kimi çeşidlərə malik sazların düzəldilməsi bir neçə mərhələdən keçir. Müxtəlif hissələri fərqli ağac növlərindən düzəldilən alət təxminən 10-12 gündən bir ayadək müddətdə hazırlanır.
Ekspedisiya ərzində toplanmış məlumatların hazırda təhlili aparılır, bölgədə əhalinin həyatında və təsərrüfatında yeniliyin və qədim ənənələrin təzahür formalarının xüsusiyyətləri araşdırılır. Ənənələrin qorunması, yeni tendensiyaların istiqamətinin təyin edilməsi baxımından əhəmiyyətli tədqiqatın nəticələri daha sonra çapa təqdim olunacaq.