İQTİSADİYYAT
Qazaxıstan ötən il BTC boru xətti ilə 1 milyon 392 min ton neft ixrac edib
Bakı, 16 yanvar, AZƏRTAC
2023-cü ildə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə neft ixracının həcmi artıb və 1 milyon 392 min tona çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kazinform agentliyinə Qazaxıstanın “KazMunayQaz” milli şirkətinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunub ki, “KazMunayQaz” milli şirkətinin törəmə müəssisəsi olan “KazTransOil” SC ötən il ərzində Aktau limanından 3 milyon 376 min ton Qazaxıstan nefti ixrac edib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 1 milyon 108 min ton çoxdur.
Aktau limanından Qazaxıstan xam neftinin nəqlinin həcminin artması Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətində göndərilən xammalın artması ilə əlaqədardır. Belə ki, ötən il bu göstərici 2022-ci ildəki 250 min tondan 2023-cü ildə 1 milyon 392 min tona çatıb. Xüsusən, Tengiz yatağından bu istiqamətdə 1 milyon 57 min ton xam neft boşaldılıb. Bundan başqa, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində də 1 milyon 984 min ton neft tədarük edilib.