“Qəbələ Kuboku-2012” birinci Beynəlxalq futbol turnirinin açılış mərasimi olmuşdur
Qəbələ, 31 may (AZƏRTAC). “Qəbələ” Futbol Klubunun təşkilatçılığı ilə 15 yaşadək futbolçular arasında keçirilən “Qəbələ Kuboku-2012” birinci Beynəlxalq futbol turnirinin rəsmi açılış mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, mayın 31-də Qəbələ şəhər stadionunda keçirilən tədbirdə klubun prezidenti Tale Heydərov ölkədə idmanın bütün sahələrinə, o cümlədən futbola göstərilən dövlət qayğısından, qazanılan uğurlardan danışmışdır. Natiq “Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarından irəli gələn vəzifələrin uğurla icra edildiyini bildirmiş, futbolun təbliği və yayılması, futbolçuların idman ustalıqlarının artırılması, perspektivli futbolçuların aşkar edilməsi, uşaq futbolunun inkişafı məqsədilə görülən işləri yüksək qiymətləndirmişdir.
T.Heydərov demişdir ki, futbolun inkişafı üçün klubların da üzərinə böyük məsuliyyət düşür. Uşaq futbolu bu sahənin inkişafı üçün böyük amildir. Bunu nəzərə alaraq “Qəbələ” klubu yarandığı vaxtdan uzunmüddətli plan və strategiya müəyyənləşdirmişdir. Biz uşaq futboluna diqqət göstərərək, Azərbaycanda futbol akademiyası yaradan ilk klub olmuşuq. Bu gün isə 15 yaşadək futbolçular arasında turnir təşkil edirik. “Qəbələ”nin uşaq futbolçuları böyük uğurlar əldə etmişlər, müxtəlif yaşlılar arasında Azərbaycan çempionu olmuşlar. İngiltərə, Latviya və Türkiyədə ölkəmizi layiqincə təmsil etmişlər. Amma biz bu turniri “Qəbələ” klubundakı gözəl meydançalar olmadan keçirə bilməzdik. Klubumuz infrastruktura böyük diqqət göstərir və hazırda inşa edilən Uşaq Futbol Akademiyasının meydançası 2013-cü ilin ortalarında, əsas stadionumuz isə 2014-cü ildə istifadəyə veriləcəkdir.
“Qələbə” futbol klubunun prezidenti bildirmişdir ki, bu yarışda Azərbaycan klublarından “Qarabağ” komandası da iştirak edir. Bu da Azərbaycanda inkişaf üçün rəqabətin olmasını nəzərdə tutmağımızdan irəli gəlir. Bu turnirin ənənə halını alacağına ümid edirəm.
Sonra turnirin ən maraqlı oyunlarından sayılan “Qəbələ”-“Qalatasaray” qarşılaşması başlamışdır. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:0 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatmışdır. Həmçinin, eyni vaxtda yarışın II turunun daha 3 oyunu olmuşdur. Həmin qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınmışdır: "Qarabağ"-"Feyenord"-0:1, "Bröndbü"-"Vilyareal"-1:0, "Levante"-“Serbiya MK”-1:2.
Turnirin proqramına əsasən, iyunun 1-də 3-cü tur və yarımfinallar keçiriləcəkdir.
Həlledici qarşılaşmalar isə iyunun 3-də olacaqdır.