REGİONLAR
Qəbələdə əkin sahəsi və istehsalın həcmi xeyli artmışdır
Qəbələ, 24 avqust (AZƏRTAC). Qəbələ rayonunda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bu il 25958 hektar taxıl sahəsindən 65410 ton məhsul toplanmışdır.
Yüksək məhsuldar toxum növlərinin əldə olunması məqsədilə rayonda 5 özəl toxumçuluq təsərrüfatı yaradılmışdır. Həmin təsərrüfatlarda 4704 ton I və II reproduksiyalı toxumlardan “Nota”, “Cəlilabad-19”, “Əkinçi-84”, “Şəki-1”, “Əzəmətli-95”, “Turan”, “Kroşka”, “Bezost” kimi yüksək məhsuldar növlər istehsal edilmiş və münasib qiymətlərlə torpaq mülkiyyətçilərinə satılmışdır.
Torpaq sahibləri tərəfindən bu il 6040 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunlardan kartof 1085, digər tərəvəz 2095, qarğıdalı 1366, bostan bitkiləri 132, birillik və çoxillik otlar isə 1258 hektarı əhatə edir. Həmin sahələrdən 745 ton kartof, 414 ton digər tərəvəz toplanmışdır. Məhsul toplanışı davam edir.
Ötən illə müqayisədə əkin sahəsi və məhsul istehsal xeyli artmışdır. Qəbələ rayon fermerləri Bakıda təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 39 ton tumlu, 49 ton qərzəkli, 3,3 ton çəyirdəkli meyvələri çıxarmışlar.