İDMAN
Qədim İçərişəhərlə tanışlıq Serbiyanın gənclər və idman nazirində zəngin təəssürat yaratmışdır
Bakı, 1 iyul (AZƏRTAC). Serbiyanın gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyulun 1-də İçərişəhərlə tanış olmuşdur.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.
Elektromobillə gəzinti zamanı serbiyalı nazirə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Alisa Mariç təndir çörəyinə qonaq edilmişdir.
Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Sonda qonaqlar Serbiyanın ölkəmizdəki səfirliyində olmuşlar.