İQTİSADİYYAT
Qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyən normativ hüquqi baza hazırlanacaqdır
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycanda dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyən təkmil normativ hüquqi baza hazırlanacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirmişdir. Fondun sədri bu sahədəki beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınmasının əsas amil kimi nəzərdən keçirməyin vacibliyini vurğulamışdır. Onun sözlərinə görə, əmək pensiyalarının yığım hissəsi sığortaolunanların fərdi hesablarında real pensiya kapitalının toplanmasını, şəxsin pensiya yaşı tamam olana qədər bu vəsaitin idarə olunaraq artırılmasını və qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya təminatına yönəldilməsini ifadə edir. Bu baxımdan dövlət pensiya sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətinin təşkil olunmasının ölkənin investisiya, maliyyə və qiymətli kağızlar bazarında müxtəlif maliyyə alətlərinin tətbiqinin inkişafını, bu sahədə etibarlı nəzarət və gəlirə zəmanətlilik səviyyəsinin əldə edilməsini qabaqlamadan yerinə yetirilməsi vacib şərtdir.
E.Mehdiyev demişdir: “Bundan əlavə fərdi hesablara yığım vəsaitlərinin hansı qaydada toplanması məsələsi də daim müzakirə mövzusudur. Məsələ bundadır ki, son vaxtlar beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana çıxması və buna görə də həmin sistemlərdən tam və ya qismən imtina olunması halları qeyd olunan komponentin məcburi deyil, könüllü sosial sığorta əsasında təşkilinin daha səmərəli olduğunu təsdiqləyir. Digər tərəfdən, pensiya ödənişi göstəricilərinə uyğun olmayan aşağı sosial sığorta normativlərinin tətbiqi şəraitində həmin komponentin reallaşdırılması məqsədilə mövcud məcburi dövlət sosial sığorta normativindən hər hansı hissənin ayrılması sistem üçün əlavə büdcə kəsiri yaradır. Bu məqsədlə əlavə normativin tətbiqi isə əmək bazarının iştirakçılarının mənafeyinə uyğun gəlmir”.
E.Mehdiyev hesab edir ki, qeyd olunan məsələlərə aydınlıq gətirmədən sığortaolunanların fərdi yığım hesablarının formalaşdırılması, real yığım vəsaitlərinin idarə olunması və bu sistemdən əldə edilən gəlirlərin fərdi uçot əsasında pensiya təminatına yönəldilməsi mexanizminin qurulması çox risklidir. Bu riskin yaratdığı təhlükələri Çili və digər Latın Amerikası ölkələri, eləcə də Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və başqa dövlətlərin pensiya sistemlərində aydın müşahidə edə bilərik. Bütün bunlar ölkəmizdə məcburi sığortalanmaya əsaslanan real yığım komponentinin tətbiqində ehtiyatlı mövqe tutulmasının düzgünlüyünü bir daha təsdiqləyir. Amma bu da reallıqdır ki, Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir və bütün sahələrdə olduğu kimi sığorta-pensiya sistemində də alternativ mexanizmlərin formalaşdırılması qaçılmazdır.
DSMF-nin sədri əlavə etmişdir ki, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu fondların vəsaitlərinin formalaşdırılması və idarə olunması, vəsaitlərin investisiyası üzərində inzibati və texniki nəzarət, qeyri-dövlət pensiyalarının təyin edilməsi, maliyyələşdirilməsi və ödənilməsinin mexanizmləri də bu qəbildəndir. Bütün bu amillər nəzərə alınmaqla, Dövlət Sosial Müdafiə Fondu Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsini işləyərək təqdim etmiş və layihə Avropa Komissiyası tərəfindən təsdiqlənmişdir. Həmin layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı, könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsi üçün əlavə imkanlar yaradacaqdır.