SİYASƏT
QHT LAYİHƏLƏRİ ÜÇÜN MALİYYƏ YARDIMI MÜSABİQƏSİ ELAN EDİLMİŞDİR
Bakı, 13 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ-Sement” ASC 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə yardımı müsabiqəsi elan etmişlər.
Bu barədə hər iki qurumun rəhbərləri Azay Quliyev və Horia Adrian aprelin 13-də keçirdikləri mətbuat konfransında məlumat vermişlər.
Azərbaycanda dövlət tərəfindən QHT-lərin fəaliyyəti üçün kifayət qədər əlverişli şəraitin yaradıldığını bildirən A.Quliyev və H.Adrian QHT-lərin həyata keçirdikləri layihələrin maliyyələşdirilməsinə iri müəssisələrin cəlb edilməsinin əhalinin sosial ehtiyaclarının ödənilməsi istiqamətindəki rolunu yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, sosial tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən maliyyə yardımının ümumi dəyəri 80 min manat təşkil edir. Maliyyə yardımı əsasən 3 istiqamət üzrə tərtib edilmiş QHT layihələrinə ayrılacaqdır: QHT-lər üçün ictimaiyyətlə əlaqələrin qurulması sahəsində peşəkar kadrların hazırlanması, yoluxucu xəstəliklər haqqında mövcud vəziyyətin öyrənilməsi və bu sahədə profilaktiki tədbirlərin həyata keçirilməsi üçün təkliflərin hazırlanması və sosial təşəbbüslərin dəstəklənməsi.
Qeyd edək ki, QHT-lər maliyyə yardımı barədə şuranın ofisinə mayın 7-dək müraciət edə bilərlər. Ərizənin elektron formasını şuranın www.cssn.gov.az və www.qhtxeber.az internet saytlarından əldə etmək olar.