İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ekspozisiyası “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgidə nümayiş etdirilmişdir
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, sərgidə Azərbaycanın müstəqillik illərində qiymətli kağızlar bazarının inkişaf mərhələləri, qazandığı uğurlar və nailiyyətlər barədə məlumatlar təqdim olunmuşdur. Həmçinin, 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda milli iqtisadiyyatın ən gənc sektoru olan qiymətli kağızlar bazarının yaranmasında və inkişafında rolu barədə məlumatlar yerləşdirilmişdir.
Bundan əlavə, sərgidə qiymətli kağızlar bazarının institusional iştirakçıları arasında yaradılmış elektron əlaqələr və ölkəmizin qiymətli kağızlar bazarının dünyanın aparıcı maliyyə mərkəzləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı, komitənin qarşısında duran vəzifələrlə bağlı ətraflı məlumatlar nümayiş olunmuşdur.
Guşədə komitənin “Məlumatlandırma və maarifləndirmə konsepsiyası” çərçivəsində nəşr olunmuş “Maliyyə bazarları terminlərinin izahlı lüğəti”, “Kapital bazarları və biznes imkanları” məqalələr toplusu və “Fond birjasında investisiya” kitabları, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının bukletləri iştirakçılara təqdim edilmişdir.