İQTİSADİYYAT
Qobustanda əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının inşası planlaşdırılır
Qobustan, 23 fevral (AZƏRTAC). Qobustanda 2011-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədovun hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır. Bildirilmişdir ki, Prezidentin ehtiyat fondundan rayona ayrılmış 2 milyon manat vəsaitin hesabına 13 min nəfərin yaşadığı 6 kəndi birləşdirən 23 kilometrlik Qobustan-Xilmilli yolunun 14 kilometrlik hissəsi əsaslı təmir edilmişdir. Bu iş davam etdiriləcəkdir.
2011-ci ildə əvvəlki illə müqayisədə ümumi məhsul istehsalının həcmi 14 faiz artmışdır. Rayonda 40 min 415 ton taxıl istehsal olunmuşdur ki, bu, 2010-cu ildəki göstəricidən 13 min ton çoxdur. Keçən il taxılçılara verilən dövlət yardımı 1 milyon 717 min 387 manata çatmışdır.
Hesabat ilində heyvanların sayı 457 baş artaraq 29 min 70-ə, quşların sayı 716 baş artaraq 71 min 990-a çatmışdır. Qobustanda baytarlıq və diaqnostika mərkəzi, Bədəlli kəndində isə baytarlıq məntəqəsi tikilmişdir ki, bu, heyvandarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təminatı istiqamətində də mühüm işlər görülmüşdür. Təhsil müəssisilərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində xeyli işlərin görüldüyü diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, cari ildə Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyi tərəfindən rayonda əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının və 50 yerlik adaptasiya mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.
Yığıncaqda, qarşıda duran vəzifələr barədə də ətraflı danışılmışdır.
Prezident Administrasiyasinin məsul işçisi Niyaz Əliyev hesabat yığıncağında çıxış etmişdir.