REGİONLAR
Qubanın alma bağlarından 120 min tona yaxın məhsul yığılıb
Quba, 26 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubalı bağbanlar bu il alma bağlarından 120 min tona yaxın meyvə toplayıblar.
AZƏRTAC xəbər verir ki, üç ay davam edən yığım oktyabr ayının ikinci ongünlüyündə tam yekunlaşıb. Rayon fermerləri avqust ayından başlayaraq “Slava pobeditelyam”, “Qrandşteyn”, “Anis” və başqa tezyetişən alma sortlarını yığıblar. Tezyetişən alma sortları ümumi bağların az bir hissəsini təşkil etdiyindən qısa müddətdə toplanan məhsul yerli və paytaxt bazarlarında, eləcə də respublikamızın digər bölgələrində satılıb. Rayon bağlarında kütləvi alma yığımına sentyabrın 20-dən sonra başlanılıb.
Təsərrüfatçı Zakir Piroğlanovun rayonun Zərdabi qəsəbəsində 10 hektara yaxın alma bağları var. Sahibkar iki həftə əvvəl məhsul yığımını tam yekunlaşdırıb.
O, AZƏRTAC-a müsahibəsində topladığı məhsulun böyük hissəsini artıq satdığını bildirib: “Almanın yığım prosesi ilə satışı da eyni vaxtda başlayır. Meyvəni topladıqca bir hissəsini yerindəcə alıcılara təqdim edirik. Paytaxtdan, eləcə də respublikamızın digər bölgələrindən gələn alıcılar meyvəni topdansatış qiymətləri ilə alaraq bazarla aparırlar. Bu, bizim işimizi xeyli yüngülləşdirir. Çünki toplanan məhsulun hamısını itkisiz, xarab olmadan saxlamaq mümkün deyil”.
Fermer bildirir ki, alma bağlarının hər hektarından orta hesabla 5 tona yaxın məhsul toplanılır. Bu il isə məhsuldarlıq quraqlıq səbəbindən nisbətən aşağı olub. Buna baxmayaraq fermer düzgün aqrotexniki qulluq nəticəsində keyfiyyətli məhsul əldə etməyi bacarıb: “Orta hesabla almanın kiloqramını 30-35 qəpiyə alırlar. Əksər sahibkarlar isə almanı soyuducu anbarlarda saxlamağa üstünlük verirlər. Qiymət artıqdan sonra soyuducu anbarlara yığılan məhsulu satışa çıxaracaqlar. Bu da onlara daha çox gəlir əldə etməyə imkan verəcək”.
Sahibkar bildirir ki, soyuducu anbarlarda saxlanılan məhsul iş adamları tərəfindən əsasən Rusiya bazarlarına aparılır. Qubada istehsal olunan və xarici bazara aparılan kənd təsərrüfatı məhsulları həm iri yük avtomobilləri, həm də yük qatarları ilə daşınır.
Quba rayonunda, ümumilikdə 14 min 724 hektar meyvə bağları mövcuddur. Bu bağların əksəriyətində alma yetişdirilir.