REGİONLAR
Qusarda narkotik alqı-satqısı ilə məşğul olan iki dəstənin 7 üzvü saxlanılıb VİDEO
Qusar, 25 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən, ümumilikdə, yeddi nəfər olmaqla iki dəstəni ifşa edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar sakini, əvvəllər dəfələrlə məhkum olunmuş “Əxi” ləqəbli 44 yaşlı Yagir Həzərov rayon ərazisində quraşdırılmış müvəqqəti stasionar postdan keçmək istəyən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Y.Həzərovun üzərinə keçirilən baxış zamanı ondan bir ədəd sellofan bükümdə heroin aşkar olunaraq götürülüb. Yagir Həzərov ifadəsində narkotik maddəni Quba rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Xalid Əmirəliyevdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan X.Əmirəliyev şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə gəzdirdiyi bir bükümdə çəkisi 11,529 qram olan heroin, dörd bükümdə metamfetamin, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilmiş tədbirlərlə X.Əmirəliyevin narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Ona satış üçün bu maddələri verən Quba rayon sakini, “Baba” ləqəbli Suliddin Həsənov da tutularaq istintaqa təqdim olunub. Hazırda dəstənin digər üzvlərinin ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı və dövriyyəsi ilə məşğul olan daha dörd nəfər də ifşa olunub. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş Qusar rayon sakinləri, “Makay” ləqəbli Renad Tahirov, Fazil Bağışov, Quba rayon sakinləri İmran Əliyev və Elmar Kərimov olduqları müəyyən edilib. Saxlanılan şəxslərin hər birindən satış üçün hazırlanmış heroin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.