SİYASƏT
RƏCƏB TAYYİB ƏRDOĞAN: “BİZ AZƏRBAYCAN TORPAQLARININ İŞĞALININ ARADAN QALDIRILMASINI İSTƏYİRİK”
Ankara, 14 aprel (AZƏRTAC). ABŞ-a səfərinin yekunları ilə bağlı Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir ki, Türkiyə beynəlxalq öhdəliklərinə sadiqdir.
Türkiyənin Baş naziri demişdir: İsveçrədə nə imzalandısa, biz ona sadiqik. Eyni zamanda, Türkiyə öz mövqeyini də başqalarına təlqin etmək fikrində deyi. Ancaq, heç bir ölkə də öz fikirlərini Türkiyəyə təlqin etməməlidir. Məsələnin digər tərəfi - Sürixdə imzalanmış protokolların mətni ilə əlaqədar Dağlıq Qarabağ məsələsi ilə Türkiyə-Ermənistan əlaqələrinin bir-birinə qarşıdırılmaması kimi bir mövqe vardır. Biz burada deyirik ki, 1993-cü ildə sərhədlər nə üçün bağlandı? Bunun səbəbi işğal, yəni Azərbaycan torpaqlarının işğalıdır. İndi, bunun aradan qaldırılmasını istəyirik. Təbii ki, burada ATƏT-in Minsk qrupu ilə keçirilən görüşlərdə müxtəlif mövqelər vardır. Anlaşa bilmədikləri məsələ də burdadır. Bu məsələ həll olunmayınca sıxıntı da qalacaqdır. Arzu edirəm ki, Minsk üçlüyü də bu məsələdə səylərini gücləndirsin və bir nəticə əldə olunsun. Mən 24 apreldən öncə başqa bir dəyişikliyin olacağını gözləmirəm. Həmin gün necə açıqlama verəcəyi isə Prezident Obamanın təqdir edəcəyi məsələdir. O, bizim bu məsələdə həssaslığımızı bilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara