SİYASƏT
REGİONDA BAŞQA ALTERNATİV YOXDUR.
Bakı, 24 sentyabr (AZƏRTAC). Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev 2009-cu il sentyabrın 11-də BMT-nin baş katibinə məktub göndərmişdir. Məktubda baş katibin diqqəti Ermənistan Respublikası tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq etinasızlıq əlaməti olan hərəkətlərə cəlb edilmişdir.
Belə ki, kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, 2009-cu il sentyabrın əvvəllərində Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə səfər etmiş, orada davakar ritorikaya yol vermişdir. Bu səfər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qanunsuz yaradılmış oyuncaq separatçı qurumun “Müstəqillik günü” münasibətilə keçirilən tədbirlərlə eyni vaxta salınmışdır. Elə həmin vaxtda Ermənistanın diplomatik nümayəndəliklərinin başçılarının illik müşavirəsi çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan və onu müşayiət edən yüksək vəzifəli erməni diplomatlar Azərbaycanın işğal edilmiş ərazilərində olmuşlar.
Məktubda deyilir ki, Azərbaycan onun işğal edilmiş ərazilərinə yuxarıda adları çəkilən səfərləri və davakar çağırışları Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə siyasi yolla tənzimlənməsi üçün göstərilən səylərə açıq təhdid hesab edir.
Ermənistanın yüksək vəzifəli məmurlarının və diplomatlarının Azərbaycanın işğal edilmiş ərazilərinə ritual xarakterli səfəri vaxtilə iki dövlət arasında irimiqyaslı müharibənin başlanmasına səbəb olmuş, insanlara saysız-hesabsız iztirablar gətirmiş hadisələri yad etmək məqsədi güdür. Bu onu göstərir ki, Ermənistan özünün ən adi və zəruri vəzifələrini yerinə yetirmir, gərginliyin artırılmasına üstünlük verir, bunun nə ilə nəticələnəcəyini qabaqcadan söyləmək mümkün deyildir.
A.Mehdiyev bu məkrli hərəkətlərə qiymət verərək vurğulayır ki, Dağlıq Qarabağda yalnız ermənilərin “öz iradələrini sərbəst ifadə etməsi” qeydinə qalan və bütövlükdə Azərbaycan xalqını, o cümlədən onun zorla didərgin salınmış hissəsini öz hüquqlarından məhrum edən Ermənistan Respublikası ardıcıl olaraq beynəlxalq hüquq normalarına məhəl qoyulmamasına əsaslanan və Azərbaycanın işğal edilmiş ərazilərində monoetnik mədəniyyət yaradılmasına yönəlmiş siyasət yeridir.
Bununla əlaqədar xatırlatmalıyıq ki, Azərbaycan ərazilərinin işğal altında olması və Ermənistanın belə bir vəziyyət yaradılmasında və onun saxlanmasında fəal iştirak etməsi faktı beynəlxalq səviyyədə etiraf edilmişdir. Dağlıq Qarabağın və ona bitişik rayonların Ermənistan Respublikası tərəfindən zorla zəbt edilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün kobud şəkildə pozulması deməkdir.
Ermənistan Respublikası etiraf etməlidir ki, onun özünün də rifahı naminə, regionda möhkəm sülhün, sabitliyin və qarşılıqlı sərfəli əməkdaşlığın təmin edilməsi naminə bu münaqişənin Azərbaycanın ərazi bütövlüyünə və onun beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında tənzimlənməsindən başqa bir alternativ yoxdur. Azərbaycan Respublikası bu məsələnin onun ərazi bütövlüyünün zərərinə həll edilməsinə, öz xalqının hüquqlarının tapdanmasına və indiki status-kvonun leqallaşdırılmasına heç vaxt razı olmayacaqdır.
Axırda səfir ümid etdiyini bildirmişdir ki, BMT-nin üzvü olan dövlətlər Ermənistanı bu pozucu siyasətdən əl çəkməyin, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyin zəruri olmasına və münaqişənin tənzimlənməsi yolunu tezliklə tapmaq məqsədilə danışıqları vicdanla aparmağa inandıra biləcəklər.