ELM VƏ TƏHSİL
Regiondakı iqtisadi vəziyyətin perspektivləri müzakirə olunub
Bakı, 2 fevral, Xatirə Cəfərova, AZƏRTAC
Fevralın 2-də Azərbaycan Dövlət İqtisad Universitetində Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtarın iştirakı ilə sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib.
Ş.Axtar ADİU-da əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın ali məktəblər ilə əlaqələri barədə fikirlərini diqqətə çatdırıb.
Sessiyada regiondakı iqtisadi vəziyyətin perspektivləri ilə bağlı məlumat verilib. Məruzədə BMT-nin 2030-cu ilədək olan dövr üçün Dayanıqlı İnkişaf Gündəliyinin qəbul edildiyi, Azərbaycanın bu sənədi dəstəklədiyi diqqətə çatdırılıb.
Sonra “Azərbaycanda sosial-siyasətin əsas istiqamətləri”, “Azərbaycanın təhsil sahəsində beynəlxalq əlaqələri” mövzularında çıxışlar dinlənilib.
Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.