İDMAN
Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə ilk gün 7 çəkidə qaliblər müəyyənləşmişdir
Bakı, 29 oktyabr (AZƏRTAC). “Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi keçirilir.
Yarışın ilk günündə sərbəst güləş üzrə 124 pəhləvan mübarizə aparmışdır. Onlar arasında fəxri kürsünün ən yüksək pilləsinə 42 kq-da Nihad Bağırzadə, 46 kq-da Vurğun Əliyev, 50 kq-da Ruslan Surxayev, 54 kq-da Cahid Həsənzadə, 58 kq-da Anvarbek Dalqatov (Rusiya), 63 kq-da Nəbi Hüseynov, 69 kq-da Oqtay Cəmşidli qalxmışlar.
Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunurlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilir və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanırlar.
Yarışın ikinci günündə mübarizəyə 76, 85 və 100 kq çəki dərəcəsində sərbəst, 42, 46, 50, 54, 58, 63 və 69 kq çəkidə yunan-Roma güləşçiləri qoşulmuşlar.
Turnirdə Azərbaycanın bütün bölgələrindən olan güləşçilər, həmçinin Belarus, Ukrayna, Rusiya Federasiyasının Alaniya, Kabardin-Balkar və Dağıstan respublikalarından pəhləvanlar da iştirak edir.