ELM VƏ TƏHSİL
Respublikanın doqquz şəhərində buraxılış imtahanları keçirilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 9 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada buraxılış imtahanları keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu imtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər iştirak etmişlər.
İmtahanlarda ümumilikdə (IX və XI siniflər üzrə) 1.050 şagirdin iştirakı nəzərdə tutulmuşdur.
İmtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılmışdır.
Buraxılış imtahanları saat 12.00-da başlanmış və saat 14.00-da başa çatmışdır.
İmtahanlara nəzarətçi-müəllimlər nəzarət etmişlər.
Buraxılış imtahanı Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirmişlər.
İmtahan 2 saat müddətində aparılmışdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılmışdır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan ediləcəkdir.
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcəkdir.