ELM VƏ TƏHSİL
Riyaziyyat və Mexanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov müasir müstəqil dövlətimizin qurucusu, dahi rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışıb.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən M.Mərdanov 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, Azərbaycanın böyük inkişaf yoluna çıxdığını deyib.
M.Mərdanov müdrik rəhbər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, əbədiyaşar ideyalarının, zəngin siyasi irsinin əhəmiyyətindən bəhs edərək, Ulu Öndərin elmə, təhsilə, mədəniyyətə daim xüsusi önəm verdiyini xatırladıb.
Vurğulanıb ki, bu gün Azərbaycanın dünyada nüfuzu daha da yüksəlib, ölkəmiz çox sürətlə inkişaf edir. Respublikamızda qazanılan bütün uğurların təməlini ümummilli lider Heydər Əliyev qoyub.
M.Mərdanov ulu öndər Heydər Əliyev siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini söyləyib. O, xalqımızın daha parlaq sabahına inamını ifadə edib.