İDMAN
Roman Qriqorçuk: Hücum futbolu nümayiş etdirəcəyik
Bakı, 21 iyul, AZƏRTAC
MTK ilə qarşılaşmada qalib gəlmək üçün çox yaxşı oynamalıyıq. Macarıstandakı matçdan sonra rəqibi daha yaxşı tanıyırıq. Həmişə göstərdiyimiz oyun üslubunda çıxış edib, səfərdəki səhvləri təkrarlamamalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün MTK (Macarıstan) ilə qarşılaşacaq “Qəbələ” komandasının baş məşqçisi Roman Qriqorçuk deyib.
Bakıda keçiriləcək matçda komandasının hücum futbolu nümayiş etdirəcəyini bildirən Roman Qriqorçuk deyib: “Əlbəttə ki, böyük hesablı qələbə qazanmaq istərdik. Lakin MTK kimi rəqiblə görüşdə buna nail olmaq asan deyil. Futbolçularla söhbətimiz olub. Onların da oyunun məsuliyyətini dərk etdiyini görürəm. Çünki onlar də rəqibə bələddirlər və onun güclü olduğunu bilir, işlərinə məsuliyyətlə yanaşırlar. Komandamızda cütün taleyinin həll olunması ilə bağlı fikir yoxdur. Mən də, futbolçular da yalnız oyunu düşünürük. Çünki bizi çətin oyun gözləyir. Növbəti mərhələdə “Lill”lə qarşılaşa biləcəyimiz isə əlavə motivasiyadır. İndiki durumda komandamdan razıyam. Hələ istədiyimiz oyunu tam nümayiş etdirməsək də, yetirmələrim bacardığını göstərir”.